“Hilton-Baku” otelində “Minilliyin layihəsi”nin Azərbaycan bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyətinin (AFC) 5 illik yubileyi və “Gələcək nəsillərlə üz-üzə” IV ümumrespublika inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.Lent.az-ın məlumatına görə tədbirdə təhsil naziri Misir Mərdanov və Bakı Dövlət Univeritetinin rektoru Abel Məhərrəmov da iştirak ediblər. Tədbir başa çatmağa az qalmış Misir Mərdanov və Abel Məhərrəmov ikinci mərtəbədə konfrans zalını tərk ediblər. Onlar dəhlizin başına gələrək liftə daxil olublar və ikinci mərtəbədən birinci mərtəbəyə düşmək istəyiblər. Lakin yanlışlıqdan və ya texniki səbəblərdən lift onları 13-cü mərtəbəyə qaldırıb. Burada isə liftin daxilində düymələr olmadığından M.Mərdanov və A.Məhərrəmov qapını açıb bayıra çıxa bilməyiblər. Bir müddət liftdə qalan yüksək vəzifəli şəxslər telefonla bayıra xəbər veriblər. Nəhayət, 15-20 dəqiqəlik həyəcanlı dəqiqələrdən sonra zərərçəkmişləri birinci mərtəbəyə endirmək mümkün olub.