Misir Mərdanovdan deputatın təklifinə ETİRAZ: “Əlaqəsi yoxdur”

Misir Mərdanovdan deputatın təklifinə ETİRAZ: “Əlaqəsi yoxdur”
SOSİAL
16:40 17.11.2026
197


Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Göydəniz Qəhrəmanov paytaxtın "Elmlər Akademiyası" metro stansiyası ətrafında yerləşən ali təhsil müəssisələrinin çoxluğunun bu ərazidə həddindən artıq nəqliyyat və sərnişin sıxlığı yaratdığını bildirib.

Parlamentari mövcud problemin aradan qaldırılması məqsədilə həmin istiqamətdə avtobus marşrutlarının artırılması və ictimai nəqliyyat şəbəkəsinin genişləndirilməsi üzrə zəruri tədbirlərin görülməsinə ciddi ehtiyac olduğunu diqqətə çatdırıb.
Çıxışında turizm sektorunda kadr hazırlığı məsələsinə də toxunan G.Qəhrəmanov bu sahədə ali təhsil müddətinin optimallaşdırılmasını təklif edib. O qeyd edib ki, ölkədə turizm sektorunun sürətlə genişlənməsi və gələn turistlərin sayının ildən-ilə artması ixtisaslı kadrlara olan tələbatı daha da yüksəldir. 

Deputatın sözlərinə görə, turizm ixtisasları üzrə ali təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasına və xidmət sektorunun peşəkar kadrlarla operativ təmin edilməsinə geniş imkan yaradar.

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlamasında sabiq təhsil Naziri Misir Mərdanov bildirib ki, dünyanın bir çox ölkələrində bakalavr təhsili üç il davam edir:

"Mənə elə gəlir ki, bizdə də müəyyən ixtisaslar üzrə bu modelə keçmək mümkündür. Hesab edirəm ki, əksər ixtisaslarda təhsil müddətini azaltmaq olar. Bunun üçün tədris planında həmin ixtisasla birbaşa əlaqəsi olmayan fənlər çıxarılmalıdır. Belə fənlər tədris planından çıxarılsa, əksər ixtisaslarda üçillik təhsil modelinə keçid ciddi ziyan vurmaz.

Amma təhsil müddətinin dörd ildən üç ilə endirilməsi ilə şəhərdəki sıxlığın azalmasının əlaqəsi yoxdur. Bu fikirlə razı deyiləm. Çünki tələbə yenə də təhsil alacaq. Sadəcə olaraq, təhsil müddəti bir il azalacaq. Buna görə də bunun şəhərdəki sıxlığın azalması ilə birbaşa əlaqələndirmək doğru deyil”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR