Misirdə 18 gün davam edən aramsız etiraz aksiyasından sonra Qahirədə bu gündən sakitlik hökm sürür. Paytaxtda həyat normallaşmağa başlayıb. Son 30 ildə ölkə Hüsnü Mübarəksiz ikinci gününü yaşayır. Təhrir meydanından günlərlə çıxmayan minlərlə insanın əksəriyyəti meydanı tərk etsə də, onların gecələmək üçün qurduqları çadırlar hələ meydandadır. Hüsnü Mübarək əleyhdarları “24 saatlıq nümayiş düşərgəsi”ni tamamilə ortadan qaldırmaqda tərəddüd edir. Misir hərbçiləri nümayişçilərin əksəriyyətini evlərinə dağılışmağa razı sala bilsə də, ölkədə demokratik islahatlar aparılanadək meydanda qalacaqlarını bəyan edənlər də var. Yollarda hələ də zirehli texnika gözə dəyir.
Bu gün Misirdə bir çox dövlət müəssisələri açılıb və meydan ətrafında nəqliyyatın hərəkəti bərpa olunub. Misirin dövlət kütləvi informasiya vasitələri yazır ki, silahlı qüvvələrin komandanlığı, başda feldmarşal Məhəmməd Hüseyn Tantavi olmaqla, Əhməd Şafiq hökumətindən dərhal həyatın normal axara düşməsini tələb edib.
Həmçinin məlum olub ki, Misir Silahlı Qüvvələrinin Ali Şurası Konstitusiyanın qüvvədən düşməsini, habelə ölkə parlamentinin hər iki palatasının buraxılmasını nəzərdə tutan qərar qəbul edib.
Bu arada isə Misirin informasiya naziri Anas Əhməd Nabih istefaya gedib. Nabihə, onun müavininə və Misirin keçmiş daxili işlər nazirinə ölkəni tərk etməyə qadağa qoyulub. Onlar Mübarəkin yaxın adamları hesab edilir.