Moldovada keçirilən parlament seçkilərində Avropayönümlü Hərəkət və Həmrəylik Partiyası (PAS) qalib gəlib. Səslərin 98 faizi sayıldıqdan sonra partiyanın 49,95 faiz nəticə göstərərək rusiyayönlü Vətənpərvər Blok üzərində qələbə qazandığı açıqlanıb.
Bu nəticə PAS-a parlamentdə 55, müxalif bloka isə 26 yer qazandırıb.
AĞ Partiya sözçüsü, beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı AZXEBER.COM-a deyib ki, seçkinin bu nəticəsi gözlənilən idi:
"Amma Prezident Sandunun partiyasının belə açıq fərqlə qalib gələcəyi bir az gözlənilməz oldu. Çünki, bir il öncə keçirilən prezident seçkilərində Maya Sandu ruspərəst rəqibi üzərində 41 faiz səslə qalib gəlmişdi. Rusların dəstəklədiyi namizəd isə 27 faizə yaxın səs yığmışdı. Demək son bir ildə Sandu ölkədə reytinqini 9 faiz qaldıra bilib. Bu da kifayət qədər ciddi rəqəmdir”.
Ekspert bildirib ki, yaxın gələcəkdə Rusiyanın təsirlərinin Moldovada 50 faizi keçməyəcəyini göstərir:
"Amma etiraf edək ki, Rusiya da son bir ildə nüfuzunu bir qədər Moldovada qaldırıb. Belə ki, Sandunun partiyasının ardınca 2-3-cü yerləri bölüşdürən partiyalar Rusiyameyllidirlər. Sosialist Partiyası (PSRM), Kommunistlər və Moldovanın Gələcəyi partiyalarını birləşdirən Rusiyayönlü Vətənpərvərlər Bloku 24,25% səslə ikinci, Rusiya ilə bağlı olan siyasətçilərin daxil olduğu Alternativ blok isə 7,98% səslə üçüncü yeri tutublar. 4-5-ci yerlərin də dolayısı ilə Rusiyaya yaxınlıqları deyilir. Yəni ümumi götürdükdə toplamda 40 faiz səs edir ki, bu həm artım deməkdir, həm də Moldovanın gələcəyi üçün təhlükələr vəd edir”.
C.Abbaslı vurğulayıb ki, bu ölkənin Avropa yolunda qalacağınını göstəricisidir:
"Amma bu heç də "nicat yolu” sayılmamalıdır. Vaxtı ilə Gürcüstan da eyni yolu gedirdi. Nəticədə ərazi itkisinə məruz qaldı. Qərb yolu gedən keçmiş prezident Saakaşvili də həbsdə çürüyür. Ukrayna ilə bağlı da ssenari hələ ki, davam edir. Onun üçün də hesab edirəm ki, Moldova maksimum dərəcədə hər zaman balanslı siyasət yürütməyə məcburdur. Tam şəkildə bir tərəfə əyilməyi bu dövlətin fəlakəti olardı. Amma istənilən halda seçkilər Rusiyaya "tərs şapalaq” oldu”.
"Düşünürəm ki, Rusiya Moldova üzərində tam şəkildə təsirini artırmaq üçün bundan sonra ciddi hərəkətə keçəcək. Çünki, artıq son bir ildə iki dəfə qərbmeylli qüvvələrə məğlub olur. Sözsüz ki, bu nəticələrdə Rusiyanın Ukraynada apardığı işğalçı savaşın, Kremlin başının Ukraynadakı savaşa qarışmasının təsirləri az deyil. Amma istənilən halda "məlubiyyət yetimdir, ona heç kim sahib çıxmır...”-, deyə ekspert qeyd edib.
Şahanə Ziyad