Tehran Azərbaycanın getdikcə güclənməsini heç cür həzm edə bilmir və ölkəmizdəki qulbeçələri vasitəsilə daxili qarşıdurma yaratmaqla dövlətimizi zəiflətmək istəyir. Lakin molla rejiminin bütün bu planları xalqı hakimiyyətin sarsılmaz birliyi nəticəsində puça çıxır.
Bir tərəfdən Azərbaycana “qardaş, dost” deməyi təkrarlamaqdan doymayan, İranla Azərbaycan arasında təbliğat mübarizəsini dayandırmağı təklif edən İran nədənsə unudur ki, bu mübarizəni özü başlayıb, Azərbaycan isə müdafiə olunur. İranın qarşısında Azərbaycanın müdafiəsi sırf özünün resurslarına söykənir.
Politoloq Mübariz Əhmədoğlunun fikrincə, bu məsələdə kənar qüvvələrin köməyinə ehtiyacı yoxdur: “Anti-İran mövqe böyük resursa malik olsa da, bizim ona da ehtiyacımız yoxdur. Öz daxili resurslarımızın hesabına təbliğat mübarizəsində nəinki müdafiə oluna, hətta hücuma da keçə bilərik. İranın Azərbaycana qarşı təbliğat mübarizəsi forma və məzmunca getdikcə daha da “zənginləşir”. İran indi təkcə ictimai-siyasi verilişlərdə deyil, digər verilişlərdə də antiazərbaycançılıqla məşğuldur”.
Politoloqun sözlərinə görə, son vaxtlar dövriyyəyə buraxılan “İran mənşəli Novruz...”, “Azərbaycan muğamının inkişafı düzgün getməyib”, “Bakı Qərbin təsiri altındadır” və ya “Azərbaycan muğamı yoxdur, İran muğamının tərkib hissəsidir”, “Azərbaycan adlanan ərazi”, “Aran...” və s. terminlər İranın Azərbaycana qarşı mübarizəsinin hansı istiqamətdə getdiyini göstərir”.
M.Əhmədoğlunun fikrincə, İranın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə münasibəti ümumiyyətlə, faciəvi məntiqsiz və ziddiyyətlidir. “Azərbaycanı DQ problemini həll etməməkdə, bu məsələdə Qərbdən asılı olmaqda ittiham edən rəsmi Tehran DQ münaqişəsinin tənzimlənməsi kontekstində Azərbaycanın ərazi bütövlüyü prinsipini axırıncı dəfə nə zaman xatırladığını deyə bilməz.
İranda DQ münaqişəsinin tənzimlənməsinin mahiyyətini və hətta bəzi detallarını bilən qeyrətli siyasətçilər və ya ekspertlər var. Onlar özlərinin DQ ilə bağlı danışıqlarda təqdim etdikləri fikirləri İranın rəsmi mövqeyi ilə tutuşdura bilərlər. Rəsmi Tehranın mövqeyi dedikdə dini liderin, prezidentin və xarici işlər nazirinin səsləndirdiyi fikirləri nəzərdə tuturuq”-politoloq bildirir.
Mübariz Əhmədoğlu Qarabağ köçkünlərinin ünvanına ən təhqirli ifadələr İranın təbliğat maşınında daim səsləndiyini vurğulayaraq deyib ki, İran Azərbaycanda digər regionun nümayəndələri, o cümlədən qarabağlılarla hakim elita arasında narazılıq salmaq üçün məqsədyönlü siyasət aparır: “Mübariz İbrahimovun meyitinin qaytarılması ilə bağlı bütün dünya Ermənistana müraciət etdiyi halda İranın belə müraciətə gücü çatmadı. İndi isə İranın qaşqalı, “yeni müsəlmanları”, eləcə də İranın təbliğat maşını bu milli qəhrəmanın adı ilə utanmadan möhtəkirlik edirlər”.
Politoloq deyir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ABŞ başda olmaqla, Qərbdən asılı olmayan və Azərbaycana normal münasibəti olan güclü İranın mövqeyi indikindən 180 dərəcə fərqlənən mövqe olacaqdır: “DQ münaqişəsi regionunun birbaşa qonşuluğunda yerləşən İran unikal mövqeyə malikdir. Bu unikallıq ona imkan verir ki, DQ münaqişəsi saatlarla ölçülən vaxt ərzində həll edilsin. İranın bu addımı atmamasının səbəbi onun təkcə anti-azərbaycançılığında deyil, həm də zəif və Qərbdən asılı olmasındadır”.
Ümumiyyətlə, İran İslam Respublikasının müəyyən dairələri, din xadimləri Azərbaycanda baş vermiş bu və ya digər hadisəni qərəzli şərh edir, təhdid və şantaj xarakterli bəyanatlar verir, ölkəmizin daxili işlərinə kobud şəkildə qarışırlar. Tehran indi öz gücünə müvafiq bildiyi işlə- 30-40 məktəbliyə hicab geyindirməklə məşğuldur.
İranın dini xadimlərinin, ayrı-ayrı şəxslərinin Azərbaycana qarşı çıxışları, ölkəmizin daxili işlərinə kobud müdaxilələri yolverilməzdir və Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə etirazla qarşılanır.
Azərbaycanın tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar, sıravi vətəndaşlar İran dini xadimlərinin və bu ölkənin ayrı-ayrı vətəndaşlarının qərəzli çıxışlarını birmənalı şəkildə qəbul etmir, buna son qoymağa çağırırlar.
Belə kobud və qərəzli münasibət iki qonşu ölkə arasında münasibətlərə heç də yaxşı təsir göstərmir, qarşılıqlı etimadı zəiflədir, səmərəli əməkdaşlıq mühitinə zərbə vurur. Cənub qonşumuz müsəlmanlıqdan danışmazdan öncə, din qardaşlarını soyqırıma məruz qoyan, torpaqlarını işğal edən xristian dövlətə yardımlarını dayandırmalıdır.
Yaxşı olardı ki, onlar öz ölkələrində mövcud olan dözülməz şəraitdən, insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasından, son zamanlar İranın qarşılaşdığı digər problemlərdən danışaraq nöqsanları aradan qaldırmağa çalışsınlar. Hər 8 saatda bir insanın asıldığı molla rejiminin rəsmilərinin, din xadimlərinin dünyəvi, demokratik qanunlarla idarə olunan ölkənin daxili işlərinə qarışması məntiqəuyğun deyil.
Əslində, Azərbaycanda İranın yaratmaq istədiyi problem yoxdur, sadəcə bunu süni surətdə yaratmağa çalışan bir qrup adam var ki, onların da belə əməllərinin qarşısı qanunauyğun formada alınır. Ölkədə yaşanan son hadisələr və ona reaksiyalar göstərdi ki, cəmiyyətimiz sivil yaşamı, müasir dünyaya inteqrasiya yolunu davam etdirir və xarici qüvvələrin sifarişi ilə ölkədə ara qarışdırmağa çalışanlara qarşı öz mövqeyini ortaya qoyur.
mənbə: SİA