Rusiyanın paytaxtı Moskvada yerləşən "Bakı məhəlləsi" adlı Azərbaycan restoranı yerləşdiyi binadan çıxarılır. ANS PRESS-in "İnterfax"a istinadla verdiyi məlumata görə, Moskva meri Serqey Sobyanin restoranın Roman Viktyukun teatr binasından çıxarılması haqqında göstəriş verib.
Teatrın sahibi olan Viktyukun sözlərinə görə, oktyabrın 25-də teatrın Strominka küçəsində yerləşən binasına restoranı çıxarmaq üçün "maskalı adamlar" gəlib. Onun sözlərinə görə, teatr uzun illər "Bakı məhəlləsi"nin binadan çıxarılması üçün mübarizə aparıb.
"Bizim bina ancaq teatr deyil, həm də tarixi binadır. Biz həmişə teatr və restoranın bir arada ola bilməyəcəyini deyirdik. Mən bu günü uzun illər gözləmişdim. İndi ümid edirəm ki, hər şey yaxşı olacaq", deyə Viktyuk qeyd edib.
Rusiya mətbuatının məlumatına görə, adıçəkilən restoran Azərbaycan diasporası arasında çox məşhurdur. Onun yanında həmişə bahalı xarici avtomobillər olur.