MTN-dən Ramil Səfərov açıqlaması: 'Biz onu lazımınca qoruyuruq'
Bütün Xəbərlər
17:54 03.09.2012
2196
Azərbaycanın millət vəkili: “Erməni deputat Geqamyanın açıqlaması sadəcə təhdid deyil” Ermənistan parlamentinin üzvü, AŞPA-dakı erməni nümayəndə heyətinin rəhbəri, Milli Birlik Vəhdət Partiyasının sədri Artaşeş Geqamyan erməni mətbuatında və “Regnum” informasiya agentliyinə yayılan məqaləsində Azərbaycan tərəfini terrorla hədələyib. Erməni siyasətçisi Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunmasına etiraz olaraq zabitimizin və siyasətçilərimizin ünvanına təhdidlər səsləndirib. Qondarma "soyqırımı"nı xatırladan A.Geqamyan bildirib ki, erməni xalqının milli-azadlıq mübarizəsi, o cümlədən “Nemesis” əməliyyatının parlaq qəhrəmanlıq nümunələri var. “Bu, erməni soyqırımının əsas günahkarlarının aradan qaldırılması üçün bir əməliyyat idi. 40-dan çox cinayətkar, təşkilatçı və soyqırımı törədənlərin xalqın mühakiməsinə verilməsi qərara alınıb. Erməni soyqırımını təşkil edən başçıların heç birinə qaçmaq nəsib olmadı. Camal Əzmi və Bahəddin Şakir Berlində öldürüldü. Səad Hamil Romada, Behbud xan Cavanşir Konstantinopolda (İstanbul – red.) cəzalandırıldı. Ənvər paşa Orta Asiyada, Fətəli xan Xoyski və Camal Paşa Tiflisdə öldürüldü. Bunlar formasına görə terror aktı, məzmununa görə isə erməni xalqının intiqamı idi. Qatili qəhrəmanlaşdıran abşeronlu siyasətçilər və onların arxasında dayananlar bu tarixi faktlardan dərs çıxarsalar yaxşıdır”, – deyə erməni deputat hədə vurğulayıb. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə, onun maraqlarına, mənafelərinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir və əməliyyat şəraitinə nəzarət olunur. “Eyni zamanda təhlükəsizlik baxımından Ramil Səfərovun qorunmasının hərtərəfli təmin olunması məsələsi daim aktualdır, bu, dinamik şəkildə, bir an belə dayanmadan həyata keçirilir. Yəni hər hansı bir səbəbdən asılı olmayaraq, onsuz da milli təhlükəsizliyin təmin olunması üçün ölkənin müvafiq strukturları, orqanları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi bütün zəruri qabaqlayıcı tədbirləri görür”, – deyə A. Babayev qeyd edib. Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü, deputat Rövşən Rzayev Modern.az-a açıqlamasında bildirib ki, erməni deputatın çıxışı sübut edir ki, Ermənistanın həqiqətən də terror təşkilatları var. R.Rzayevin sözlərinə görə, bunu rəsmi şəxslərin deməsi onu göstərir ki, Ermənistanda terroru dövlət səviyyəsində dəstəkləyirlər. “Bu onların siyasətidir. Burada qeyri-adi bir hal yoxdur. Tarixən bu belə olub, indi də ola bilər. Bu gün Ramil Səfərovun Azərbaycana çox uğurlu qayıdışı hörmətli cənab prezidentin səyləri nəticəsində, ekstradisiya haqqında qanuna görə, tam qanuni şəkildə həyata keçirilib. Penitensiar sistem onu qəbul edib və Azərbaycanın Konstitusiyasının əsaslarına görə, ölkə prezidenti müstəsna imkanlara malik olduğu üçün, öz qanuni çərçivəsində əfv sərəncamı verib. Qeyri-qanuni, beynəlxalq hüquqdan kənar, ekstradisiya qanununa düzgün olmayan heç bir amil burada yoxdur. Qanuna müvafiq olaraq, Azərbaycan hərəkət edib və təbii ki, bu, Ermənistanda narazılığa səbəb olub. Terror siyasətini dövlət səviyyəsində dəstəkləyən Ermənistan özünü dünyada ifşa etməyə bir daha başlayıb. Bu sözləri deyirlərsə, yəqin ki, bunun arxasında nə isə var”./modern