MTN-in zərərsizləşdirdiyi terrorçunun kimliyi bilindi

MTN-in zərərsizləşdirdiyi terrorçunun kimliyi bilindi
Bütün Xəbərlər
12:20 09.04.2012
4555
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən Gəncədə öldürülən yaraqlının şəxsiyyəti müəyyənləşib. APA-nın məlumatına görə, əməliyyat zamanı zərərsizləşdirilən silahlı şəxs Zaqatalanın Aşağı Tala kənd sakini, 1975-ci il təvəllüdlü Vüqar İsmixan oğlu Padarovdur. V.Padarovun qardaşı Mehdi Padarov isə MTN-in Zaqatalada keçirdiyi əməliyyat zamanı həbs edilib. Terrorçuların vəhhabi hərəkatına və yaxud “Meşə qardaşları” təşkilatına aid olduğuna dair ziddiyyətli məlumatlar da gəlir. “Mirzə Xəzərin səsi” qəzetində “Meşə qardaşları” təşkilatı ilə bağlı yeni maraqlı məlumatlar yer alıb.Rəsmi iddialara görə, bu dəstənin üzvləri 2008-ci il, avqust ayının 17-də Bakıdakı “Əbu-Bəkr” məscidinə terror aktı üçün də məsuliyyət daşıyırlar. Həmin tarixdə məscidə atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölmüş, 18 nəfər yaralanmışdı.“Meşə qardaşları” 2007-ci ildə MTN tərəfindən zərərsizləşdiriləndən və dəstənin 17 üzvünün (“Əbu Cəfər”in qrupu), o cümlədən liderlərindən biri - “Əbu Cəfər” ləqəbli Naif Əbdül Kərim əl-Bədəvinin həbs edilməsindən sonra silahlı birləşmənin digər başçısı “Əbdülməcid” ləqəbli İlqar Mollaçiyev, onun qayını Samir Mehdiyev və qeyriləri barədə cinayət təqibi davam etdirilib.2008-ci ildə MTN tərəfindən həyata keçirilən xüsusi antiterror əməliyyatı nəticəsində silahlı birləşmənin daha 26 üzvü yaxalanıb. Onlardan çoxlu sayda odlu silah və döyüş sursatı, partlayıcı qurğular və sxemlər, xüsusi rabitə vasitələri, müxtəlif xəritələr, dağ-meşə şəraitində döyüş taktikası üzrə metodiki vəsaitlər, hərbi təyinatlı ləvazimatlar və s. aşkar olunaraq götürülüb. Bundan sonra “Meşə qardaşları” dəstəsinin adı heç bir yerdə çəkilmirdi.Qeyd edək ki, MTN tərəfindən Gəncədə həyata keçirilmiş sonuncu əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq və əhali arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq və bir sıra terrorçuluq aksiyalarını planlaşdıran qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin 17 üzvü ifşa edilərək yaxalanıb. Bakı, Gəncə, Sumqayıt şəhərlərində, eləcə də Qax, Zaqatala, Şəki və Qusar rayonlarında həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində silahlı birləşmənin saxlanılmış üzvlərindən terror-təxribat aksiyalarında istifadəsi nəzərdə tutulan 4 ədəd “AKM” tipli avtomat silah, 1 ədəd “RPK” tipli pulemyot, 2 ədəd “Makarov”, 1 ədəd “Naqan”, 1 ədəd “Steçkin” tipli tapançalar, 2 ədəd “Karabin” tipli tüfəng, 6 ədəd güllə ilə dolu tapança darağı, 300 ədəd müxtəlif çaplı patron, 31 ədəd əl qumbarası, 15 ədəd uzaqdan idarə edilən partlayıcı qurğu, 3 ədəd detonator, külli miqdarda partlayıcı maddə olan plastid, 3 ədəd avtomat silah üçün daraq, 30 ədəd “Kenwood” markalı rabitə aparatı, 3 ədəd süngü bıçağı, terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyat, habelə qanunla qadağan edilmiş xeyli sayda hərbi ləvazimat və digər əşyalar aşkar edilərək götürülüb.
OXŞAR XƏBƏRLƏR