MTN nümayəndəsi: “İnternetdə Azərbaycan haqqında yalan informasiyaların yayılması narahatlıq doğurur”

Bütün Xəbərlər
09:36 04.05.2011
2153
“Son zamanlar virtual məkanda qanunların pozulması halları daha çox müşahidə olunmaqdadır”. APA-nın məlumatına görə, bu fikirləri Bakıda keçirilən “Kiber və milli təhlükəsizlik. NATO-nun siyasəti və milli baxış” mövzusunda konfransda çıxışı zamanı Milli Təhlükəsizlik Nazirliyinin departament rəhbəri Kərim Kərimov deyib. Konfransda “Kiber təhlükələr və kibercinayətkarlıq üzərində nəzarət” mövzusunda məruzə edən departament rəhbəri virtual məkanda daha çox rast gəlinən qanun pozuntularının təsnifatını verib: “Bunlar təhlükəli proqramlar, DOS-hücumların təşkili, bank fırıldaqlarına dair cinayətlər, əsasən, qanunsuz elektron pul köçürmələri, internetdə dezinformasiyanın yayılması, pornoqrafik materialların yayımlanması, terrorçulara silahlanmasına dəstək məqsədilə saytların yaradılması və s. cinayətlərdir”.

Kərim Kərimovun sözlərinə görə, internetdə Azərbaycan haqqında yalan informasiyaların yayılması halları da narahatlıq doğurur: “Elektron ensiklopediyalarda, məsələn Vikipediyada Azərbaycan haqqında yalan informasiyaların yayılması faktları mövcuddur və bu, bizi ciddi narahat edir. Bu hal Azərbaycanın və Azərbaycan xalqının beynəlxalq səviyyədə imicinə neqativ təsir göstərir. Biz yəqin ki, bu istiqamətdə müəyyən addımlar atacağıq”.

OXŞAR XƏBƏRLƏR