TƏBİB tərəfindən vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması və laborator diaqnostika imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmaqda davam edir.
Bu məqsədlə Yeni Klinika və Respublika Pediatriya Mərkəzində bakteriyaların sürətli və yüksək dəqiqliklə identifikasiyasını təmin edən müasir "MALDI-TOF MS” (Matrix-Assisted Laser Desorption/Ionization Time-of-Flight Mass Spectrometry) texnologiyası istifadəyə verilib.
Klinik mikrobiologiya sahəsində son illərin ən mühüm texnoloji yeniliklərindən biri hesab olunan "MALDI-TOF MS” sistemi mikroorqanizmlərin zülal profilini analiz edərək onların növ tərkibini qısa müddətdə müəyyən etməyə imkan yaradır. "MALDI-TOF MS” texnologiyası əldə edilmiş mikroorqanizm koloniyalarının identifikasiyasını 1-3 dəqiqə ərzində həyata keçirməyə imkan verir.
Sürətli və dəqiq diaqnostika xüsusilə ağır, kritik vəziyyətdə olan xəstələrdə infeksiyanın törədicisinin vaxtında müəyyənləşdirilməsinə, həkimlərin daha düzgün və məqsədyönlü antibiotik seçimi etməsinə şərait yaradır. Eyni zamanda yüksək həssaslıq və spesifiklik göstəriciləri laborator nəticələrin etibarlılığını artıraraq səhv ehtimalını minimuma endirir.
"MALDI-TOF MS” texnologiyasının tətbiqi laboratoriyalarda iş proseslərinin optimallaşdırılmasına, iş yükünün azaldılmasına, xərclərin səmərəli idarə olunmasına və nəticələrin standartlaşdırılmasına da mühüm töhfə verir. Məhz bu üstünlüklərinə görə sözügedən texnologiya dünyanın aparıcı klinik laboratoriyalarında geniş tətbiq olunur və müasir mikrobioloji diaqnostikanın "qızıl” standartlarından biri hesab edilir.
Yeni Klinika və Respublika Pediatriya Mərkəzində "MALDI-TOF MS” texnologiyasının tətbiqi infeksion xəstəliklərin laborator diaqnostikasının sürətini və dəqiqliyini artırmaqla yanaşı, pasiyentlərə vaxtında və effektiv müalicənin göstərilməsinə, eləcə də səhiyyə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edəcək.











































