Azərbaycanda müəllimlər üçün yeni öhdəliklərin müəyyənləşdirilməsi təhsil mühitində müəllim-şagird münasibətləri məsələsini yenidən gündəmə gətirib.
Yeni tələblərə əsasən, müəllimlər şagirdləri zorakılığın bütün formalarından qorumalı, onların şərəf və ləyaqətinə hörmət etməli, intizam tədbiri adı altında belə, uşaqlara qarşı zorakılığa yol verməməlidirlər. Bu isə məktəblərdə müəllimlərin şagirdlərin davranışına müdaxilə imkanları və pedaqoji məsuliyyətinin hansı çərçivədə müəyyənləşdirilməsi ilə bağlı müzakirələrə səbəb olub.
Bəs yeni tələblər müəllimlərin şagirdlərin təlim-tərbiyəsindəki roluna necə təsir edəcək? Bu qaydalar müəllim nüfuzunun zəifləməsinə səbəb ola bilərmi?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, son dəyişikliklərin müəllim-şagird münasibətlərinə müsbət təsir göstərəcəyini düşünmür:
"Son dəyişikliklər müəllim-şagird münasibətlərinə müsbət təsir göstərməyəcək. Çünki bilirik ki, bu gün müəllim-şagird-valideyn münasibətləri əvvəlki illərlə müqayisədə xeyli dəyişib. Zaman dəyişir və hər dövrün tələblərinə uyğun olaraq qanunlarda da müəyyən dəyişikliklər edilir.
Ancaq nədənsə biz həmişə Avropa standartlarını, təhsildə inkişaf etmiş ölkələrin təcrübəsini qəbul etməyə çalışırıq, amma onların müəllim-şagird münasibətlərini tənzimləyən qaydalarını tətbiq etmirik. Məsələn, postsovet ölkələrinə nəzər salsaq, Qazaxıstanın təhsil sahəsində Azərbaycandan daha çox inkişaf etdiyini görə bilərik. Hətta Özbəkistanın da bu istiqamətdə müəyyən uğurları və nəticələri var".
Təhsil eksperti hesab edir ki, Azərbaycan təhsilinin mövcud vəziyyəti müəyyən mənada müəllimlərin fədakarlığı hesabına qorunub saxlanılır:
"Əlbəttə, Azərbaycan təhsili bu gün müəyyən mənada müəllimlərin fədakarlığı hesabına ayaqda qalır. Ali təhsil sahəsində də müəyyən nailiyyətlər və uğurlar mövcuddur. Lakin bu cür qərarların şagird-müəllim, hətta valideyn-uşaq münasibətlərinə müsbət təsir göstərəcəyini düşünmürəm.
Çünki hesab edirəm ki, bu cür qərarlarla müəyyən mənada milli mentalitetimizdən uzaqlaşırıq. Burada söhbət fiziki və ya psixoloji zorakılığa yol verilməsindən getmir. Sadəcə, müəllimin şagirdə təsir göstərməsi üçün əlində hər hansı bir mexanizm qalmayıb".
Məzahir Məmmədli müəllim-şagird münasibətlərində nizam-intizamın qorunması üçün məktəblərdə əlavə mexanizmlərin tətbiqini vacib sayır:
"Əgər müəllim-şagird münasibətlərində müəyyən nizam-intizamın qorunmasını istəyiriksə, heç olmasa, ümumtəhsil məktəblərini bitirən şagirdlər haqqında məktəbin ümumi rəyi də nəzərə alınmalıdır. Şagirdin davranışı və əxlaqi keyfiyyətləri ilə bağlı ayrıca rəy bölməsi olmalıdır. Bu rəy onun gələcək fəaliyyətinin və həyat tərzinin formalaşmasında müəyyən rol oynamalıdır.
Bu gün şagird aşağı qiymət aldıqda belə, bunun gələcək nəticələrinə ciddi təsir göstərmədiyini düşünür. Repetitor yanına gedir, hazırlıq kurslarında iştirak edir və orada yaxşı nəticə göstərdiyi üçün məktəb müəlliminə lazımi əhəmiyyət vermir. Nəticədə müəllimin nüfuzunun aşağı düşdüyünü müşahidə edirik".
Ekspert müəllim nüfuzunun qorunması üçün şagirdlərin davranışına təsir göstərən mexanizmlərin saxlanılmasının vacibliyini vurğulayıb:
"Ona görə də müəllim nüfuzunun qorunması baxımından şagirdlərə təsir göstərmək üçün müəyyən mexanizmlərin saxlanılmasında maraqlı olmalıyıq. Təəssüf ki, bu cür yanaşmaların müəllim-şagird münasibətlərinin inkişafına və müəllim nüfuzunun artmasına müsbət təsir göstərəcəyini düşünmürəm. Əksinə, bu istiqamətdə problemlərin yaranmasına səbəb ola bilər".
Fəridə Əsədzadə











































