Müğənnilərin 'efir xəstəliyi'

Müğənnilərin
Bütün Xəbərlər
01:37 19.11.2013
1722

İntiqam Valehoğlu

Azərbaycanda sənət adamları, ələxüsus da müğənnilər çox ciddi şəkildə “efir xəstəliyi” yaşayırlar. Elə təkcə müğənnilər yox, bu sahəyə aid olan bir kəsim insanlar da. Onlara elə gəlir ki, sənin əlində mikrofon, yanında operator, o operatorun da çiynində yekə bir kamera yoxdursa, sən jurnalist deyilsən. Yaxud da jurnalistsən, amma yaxşısından deyilsən.

Bu adamlar saatlarla əllərində disk hansısa telekanalın qapısında dayanıb boyunlarını bükə, tanımadıqları bir prodüserlə dəfələrlə çənə-boğaz edə, lap lazım gəlsə, xahiş-minnətdə də buluna bilərlər. Təki onun əlindəki diskdə olan klipə oxşayan şey bir neçə dəfə efirdə yayımlansın. Onlar hətta başlarında aşpaz papağı, əllərində mamaça əlcəyi hansısa telekanalın mətbəxinə keçib oranın bütün əməkdaşları üçün yemək də bişirə bilərlər. Təki o qiyafədə də olsa, efirdə görünsünlər. Qonum-qonşu desin ki, hə, filankəs də efirdə idi.

Əgər bu şəxs qadındırsa, canı da necə deyərlər, bir balaca suludursa, nə yolla olur-olsun o telekanalın rəhbərinə “xod” tapıb, özünü təqdim və təslim edə də bilər. Yenə də məqsəd birdir-efirdə görünmək.

Yazılı mətbuata isə bu şəxslərin münasibəti tamam fərqlidir. Məsələn, kiməsə zəng vurub özünü təqdim edə, məqsədinin müsahibə almaq olduğunu izah edəndən sonra “gözləyin, prodüserim sizə zəng vuracaq” kimi düşük bir cavabla rastlaşa bilərsən. O prodüser də sizə zəng çalacaq, çalmayacaq, hələ məlum deyil. Çalsa da sağ olsun, çalmasa da. Zəngi demirəm, elə-belə mırta...

Deyəsən söhbətimin “mus”u çox uzun çəkdi. İndi də keçirəm “mustafası”na. Özümü sığortalamaq üçün yox, amma indi adlarını çəkəcəyim şəxslərdən heç birini öz gözlərimlə hansısa telekanal rəhbərinin qəbuluna düşmək istəyən görməmişəm. Amma şahidi olduğum başqa məqamlar var.

Təxminən 2009-cu il idi deyəsən. Səhv etmirəmsə, Aysel Teymurzadənin “Eurovision” müsabiqəsində Azərbaycanı təmsil edəcəyi məlum olmuşdu. Hamı o qədər də böyük səhnə təcrübəsi olmayan bu xanımın ölkəmizi məşhur müsabiqədə necə təmsil edəcəyindən danışırdı. Ortada da bu barədə danışa biləcək 3-4 ekspert var idi-Mübariz Tağıyev, Gövhər Həsənzadə, Ruhəngiz Qasımova. Əksər həmkarlarım adlarını çəkdiyim ilk iki ekspertdən münasibət öyrəndiklərindən, Ruhəngiz Qasımovaya zəng vurmalı oldum.

Kef-əhval tutduqdan sonra məqsədimi izah elədim. Ruhəngiz xanım dedi ki, bəs xəstəyəm, belim ağrayır, evin bu tərəfindən o tərəfinə zorla gedirəm. Belə başa düşdüm ki, xanımın hərəkət etməyində problem var. Yəni qısaca desək, danışa da bilmir. İnsafən danışa bilməsə də, İlhamə Quliyeva və Nəriman Həsənzadə haqqında bir neçə kəlmə danışdı, mən də qulaq asdım. Amma bircə onu bilirəm ki, xoş sözlər deyildi. Nəriman müəllimlə bağlı işlənən ifadələr isə daha sərt idi.

Sağollaşdıq. Axşamdır, “Çal çağır”a baxıram. Verilişin də aparıcısı aktrisa Dilarə Əliyevadır. Birdən aparıcı qonaqları təqdim edir və budur quqquluquuuuuu.... Yox, bu başqa şey idi. Hə, və budur, bir neçə saat öncə özünü az qala yataq xəstəsi kimi təqdim edən Ruhəngiz Qasımova canlı yayımdadır. Bax quqquluquuu burda lazım idi, keçdi daha.

Bir müğənni var-Bahar Lətifqızı. İnsafən geniş səs imkanlarına və texnikasına malikdir. Elə təkcə Könül Xasıyevadan sonra “Gecələr”i tam fərqli formada oxumağı nəyə desən dəyər. Tərif yeri bitdi. İndi də bu xanımla bağlı bir neçə kəlmə. Hardasa 1-2 ilin söhbətidir. Zəng vurmuşam Bahar Lətifqızına. Özü cavab verdi və ardınca telefonu uzatdı prodüserinə. Danışdıq. Söhbətdən belə aydın oldu ki, yaxın bir il ərzində bu xanım nə efirə çıxmayacaq, nə müsahibə verməyəcək. Təbii ki, hörmətlə yanaşmaq lazımdır. Bəlkə hansısa musiqiyə bağlı şirkətlə imzaladığı müqavilənin şərtlərindən biri də budur. Sağollaşdıq. Yenə də axşam televizora baxıram. Quqquluquuu...

Yox, bu da başqa şey idi. Hə, televizora baxıram, canlı yayımda efirdədir. Aparıcı da bunu sözlə əməlli başlı “yıxıb-sürüyür”. İki dəqiqədən bir “Bahar xanım, o bayaqkı nə məsələ idi” deyə qadını “təkərə salıb”. Bu da gah pörtür, yanaqları allanır. Axır ki, aparıcı dözmədi. -Bahar xanım, o bayaq qapının ağzındakı kişi ilə nə məsələydi? Həəəə.... Heç nə. Hə, hə də. Başqa nə olmalıdır ki? Bilirəm, yazını yarımçıq qoymaq istəyirsiz. Bunu da yazım, vəssalam.

Bu ilin iyul-avqust aylarıdır. Qarşımda köhnə oxuyanların siyahısı hansından müsahibə almaq haqda düşünürəm. İlk gözümə dəyən əməkdar artist Ədilə Əflakinin adı oldu. Bir az internetdə qurdalanandan sonra məlum oldu ki, 35 ilin oxuyanıdır. Deməli, az-çox deməyə sözü var.

Zəng vururam. -Oğlum ağır xəstədir, indi xəstəxanadayam.

-Allah şəfa versin. Bir neçə gündən sonra zəng vururam.

-Gəncədəyəm, Bakıya gələndə danışarıq.

İndi danışacaq halda deyiləm.

Daha bir zəng

-İnşallah başqa vaxt danışarıq.

Sözün düzü artıq müsahibə zad almaq fikrim də yoxdur. Sadəcə hiss edirəm ki, xanım mətbuatı ciddiyə almır. Ona görə, əməlli-başlı dirəşmişəm ki, görüm bunun konkret fikri nədir. O gün baxıram bir verilişdədir canlı yayımda.

Tam səmimi deyirəm ki, 18 yaşlı müğənni özünə rəva bilib həmin şərtlər altında efirə çıxmazdı. Bu danışır, aparıcı sözünü kəsir. Danışır, ortalığa başqa məsələ düşür. Gah reklamlar, gah nə bilim anons. Axırda da guya vətənpərvərlik ruhunda nəsə oxudu. Oxuya-oxuya auditoriyaya əliylə işarə edir ki, yəni qalxın ayağa. İnanın inandığınıza ki, o boyda zalda bir adamın tükü tərpənmədi, bir nəfər yerindən qımzanmadı.

P.S. Neçə həftədir bir sənətçidən müsahibə almaq istəyirəm. Deyəsən növbəti yazımın qəhrəmanı hazırdır.

OXŞAR XƏBƏRLƏR