Müsavat Partiyası Məclisinin aprelin 6-da keçirilən toplantısında bəzi partiya funksionerlər yeni siyasi birliklər, eləcə də EL hərəkatı barədə tənqidi fikrilər səsləndirib. Toplantıdan hazırlanan reportajda bu çıxışlar texniki səbəbdən əks olunmayıb. Ötən gün "Yeni Müsavat" qəzetinin əməkdaşı partiya funksionerləri ilə danışıb bu çıxışlarla bağlı məlumat alıb.
Sabiq millət vəkili, Müsavatın Divan üzvü İkram İsrafil deyir ki, toplantıdakı çıxışında EL-in təşkilatlanma prosesində Müsavatdan və onun yerlərdəki fəallarından istifadə etməsinə düzgün baxmır: “Müsavatın yerli təşkilatlarında və rəhbərlikdə təmsil olunan bir neçə nəfərin EL-in regionlarda şöbələrinin təsis olunmasında iştirak etməsi ilə bağlı məlumatım var. EL rəhbərliyində təmsil olunanlar da demişdi ki, hərəkat bu günədək siyasi proseslərdən kənarda qalan insanların siyasi proseslərə cəlb edəcək bir qurum kimi formalaşacaq. Əlbəttə, bu, çox gözəl ideya idi və əgər gerçəkləşsəydi, onu alqışlayırıq. Amma sadəcə Müsavatın bazasında və ya onun bölgələrdə, eləcə də Bakı kəndlərində yaşayan tanınmış üzvlərindən istifadə etməklə təşkilatlanma heç nəyi dəyişməyəcək. Siyasi proseslərdə iştirak edən cəbhəçi, müsavatçı, ADP-çi, AMİP-çi və digərləri onsuz da siyasətdə var. Ancaq EL daha əvvəl indiyədək siyasətdə olmayan insanların prosesə cəlb olunmasına çalışacaqlarını deyirdi. Mən çıxışımda buna işarə etmişəm”.İ.İsrafil EL hərəkatının ideya rəhbəri Rüstəm İbrahimbəyovun bəzi açıqlamalarının narazılıqla qarşılandığını deyir. O, bununla bağlı Məclisin toplantısında fikirlərini söyləyib: “Haqlı olaraq demişəm ki, EL-in yaranmasını ideya kimi ortaya atan hörmətli Rüstəm İbrahimbəyovun son çıxış və bəyanatları müraciət etdikləri kəsimin də narazılığına səbəb olub. Jurnalistlər ona sual verdi ki, Azərbaycana qayıdacağınız təqdirdə həbs olunmağınız ehtimalı var, ölkəyə gələcəksinizmi? O isə cavabında demişdi axmaq deyiləm ki, bilə-bilə gəlim, və məni həbs etsinlər. Bu, çox ciddi fikirdir ki, insanlar haqlı olaraq bundan narazılıq edirlər. O zaman 20 ildir bu hakimiyyətə qarşı mübarizə aparan, dəfələrlə həbs olunan, bu gün də həbsdən çəkinməyərək ölkədə demokratiya uğrunda mübarizə aparan insanlar niyə həbs olunur, həbsxanalara düşür, amma mübarizələrini davam etdirir? Bu çıxışın nəyə hesablandığını başa düşmədim. Eyni zamanda ərazisi işğal olunmuş bir xalqla erməni xalqını eyni müstəvidə görən İbrahimbəyova münasibət bir neçə ay əvvəlkindən daha fərqlidir. Mənim dediklərim bununla bağlıdır. Şəxsi fikirlərim olsa da insanlar arasında olarkən bu sualları eşidirik”.İ.İsrafil bəzi siyasi qurumların real birliklərin yaradılmasında maraqlı olmadığını vurğuladı: “Onu da demişdim ki, ölkədə keçirilən bütün seçkilərdə Müsavat istər partiya olaraq, istərsə də partiyanın namizədi İsa bəy olaraq xalqın mütləq əksəriyyətinin səsini alıb. Bunu müttəfiqlərimiz, elə yeni yaranacaq EL hərəkatı da gözəl bilir. Amma onlar bu gün xalqın mütləq əksəriyyətinin Müsavat Partiyasının və İsa Qəmbərin siyasətdəki rolunu bildikləri halda nədənsə onun namizədliyinin əleyhinə, yəni real qələbənin əldə olunmaması üçün addımlar atırlar”.Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı isə çıxışında konkret olaraq EL haqda deyil, bütövlükdə birlik modeli ilə bağlı mövqe bildirib. T.Abbaslı təsir qüvvəsi olmayan kiçik qurumların Müsavat kimi böyük təşkilatlarla bir qurumda bərabərhüquqlu təmsilçiliyinə qarşı olduğunu söylədi: “Mən real qüvvələrin birliyinin tərəfdarı olduğumu demişəm. Bu gün hansısa bir-iki gün mətbuatda təbliğ olunan, ancaq real gücü olmayan, bir-iki adamdan başqa gücü olmayan qurumlarla bərabərhüquqlu şəkildə müttəfiqliyin əleyhinə olduğumu dedim. Çünki birliklər bərabər, yəni hərənin gücünə adekvat şəkildə, proporsional qurulmalıdır. Mən bu birliklərin əleyhinəyəm. Amma ümumilikdə əgər hərə öz gücünü bilərək hər hansı koalisiyada seçkilərin normal şəkildə keçirilməsi uğrunda bir araya gəlmək istəyirsə, təbii ki, bunun əleyhinə deyiləm. Sadəcə olaraq, real gücü olmayan qurumların danışıqlarda Müsavatla eyni hüquqda birgə təmsilçiliyinin əleyhinə çıxmışam. EL hərəkatına gəldikdə isə bu təşkilata hər hansı konkret iradım yoxdur. Qoy qurub yaratsınlar”.