Müsavat partiyası "Ambassador" hoteli məhkəməyə verir

Müsavat partiyası "Ambassador" hoteli məhkəməyə verir
Bütün Xəbərlər
13:01 10.10.2011
1597
Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının 100 illik yubileyini qeyd etmək üçün müraciət etdiyi “Ambassador” hoteli və “Niaqara” restoranı oktyabrın 7-nə təyin olunan tədbirlərdən qəfildən imtina edib. “Ambassador” hotelində forumun keçirilməsi, “Niaqara”da isə tədbirin ziyafət hissəsi olmalı idi. 
Təşkilatçılar bildirirlər ki, qeyd olunan tədbirin və ziyafətin keçirilməsi üçün hər iki obyektlə əvvəlcədən razılıq əldə edilib və bunun üçün onlara beh də verilib. Lakin oktyabrın 5-də onlara heç bir səbəb göstərmədən tədbirə və ziyafətə görə verilən sifarişin ləğv olunduğu bildirilib.
“Ambassador” məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşının sualını cavablandırmasa da, “Niaqara”dan bildirilib ki, həmin gün obyektin fəaliyyətində problem yarandığından sifariş təxirə salınıb. Dünən hər iki obyektlə əlaqə saxlayıb verilən behi geri qaytarıb-qaytarmayacaqlarını öyrənmək istədik. “Ambassador”dan bizə bildirildi ki, rəhbərlik yerində olmadığından, sualı cavablandıra bilməyəcəklər. “Niaqara”dan isə qeyd etdilər ki, təşkilatçılar istənilən vaxt behlərini geri ala bilərlər. 
Təşkilatçı tərəfin nümayəndəsi Ərəstun Oruclu isə bildirir ki, məsələ verilən behdə deyil: “Biz hotelə 200 manat, restorana isə 100 avro beh vermişdik. Ancaq söhbət behdən getmir. Onların öz öhdəliklərini yerinə yetirməməsindən gedir. Onlar anlaşmanı pozublar”.
Ancaq bununla belə Müsavat anlaşmanı pozan obyektlərdən yalnız birini - “Ambassador”u məhkəməyə verə biləcək: “Əslində həm "Ambassador" hoteli, həm də “Niaqara” restoranı mərasimlərlə bağlı anlaşmanı pozduğu və bununla təşkilatçı tərəfi çətin durumla üz-üzə qoyduğu üçün məhkəməyə verilməlidir. Təşkilatçı tərəfin tam hüququ çatır ki, məhkəməyə müraciət edərək təzminat tələb etsin. Ancaq biz hoteli rəsmi razılaşmanı pozduğu və təşkilatçılara problem yaratdığı üçün məhkəməyə verəcəyik. Bizimlə bu hotelin arasında sənədli razılaşma var. Bu, beh ödəyib yeri kirayələdiyimizi təsdiq edən sənəddir. Yerli məhkəmələr iddiamızı təmin etməsə, Avropa Məhkəməsinə qədər gedəcəyik. Onlar tədbiri təxirə salmaqla bizə xeyli ziyan vurublar. Bizə ciddi maddi ziyan dəyib, bunu ödəmək barədə məhkəməyə müraciət edəcəyik. Nə qədər itkilər vermişik, hamısı sənədləşdirilir".
“Niaqara” restoranına gəldikdə isə, Ə.Oruclu qeyd etdi ki, onlarla bağlı məhkəməyə müraciət edə bilməyəcəklər: “Çünki onlarla razılaşmamız hansısa sənəd əsasında olmamışdı. Sadəcə, aramızda kişi sözləşməsi olmuşdu və behimizi almaqla razılaşmışdılar”.
OXŞAR XƏBƏRLƏR