‘Müsavatın dəstəyi olmadan İbrahimbəyov vahid namizəd ola bilməz’ - Arif Hacılı

SİYASƏT
12:12 12.07.2013
1411

Hansısa bir fors-major situasiya üçün Müsavat Partiyasının Məclisinin qərarını nəzərə alaraq, biz İsa Qəmbərin prezidentliyə namizədliyini qüvvədə saxlayırıq. Bunu Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

Hacılı bildirib ki, Müsavat Partiyasının Məclisi yanvarın 4-də İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərarın qüvvədə qalması ilə bağlı fikir ayrılıqları mövcuddur: "Bu fikirlər həm Milli Şuranın toplantılarında səsləndirilib, eyni zamanda Azərbaycan mətbuatında bu məsələ ətrafında geniş müzakirələr gedib. Hesab edirəm ki, bizim bu məsələlərlə bağlı müzakirələr aparmaq üçün kifayət qədər vaxtımız olacaq və ən optimal qərarları qəbul edəcəyik. Hadisələri tələsdirmək, süni gərginlik yaratmaq, mövcud olmayan problemin haqqında danışmaq, bunun geniş müzakirələrini təşkil etmək bizə ziyan vurur. Düşünürəm ki, biz artıq müxalifətin toparlanmasına nail olmuşuq, müxalifətin vahid namizədini müəyyənləşdirmişik. Ona görə, indi yenə də əvvəlki ənənə üzrə ətalət qanununa uyğun olaraq, anti-Müsavat kampaniyasının aparılması təkcə bizə yox, bu kampaniyanı aparanlara da ziyan vurur".

Müsavat nümayəndəsi qeyd edib ki, bununla yanaşı, partiya Azərbaycan cəmiyyətinin, demokratik düşərgənin mənafelərini nəzərə alaraq, kompromis variant olaraq Rüstəm İbrahimbəyovun Milli Şura adından prezidentliyə namizədliyinin irəli sürülməsinə razılıq verib və bütövlükdə Rüstəm İbrahimbəyovun namizədliyini müdafiə edəcəyini bəyan edib və bu qərara səs verilib: "Lakin onu deyim ki, indiki şəraitdə bu mövzunun bəzi adamlar tərəfindən xüsusi canfəşanlıqla qabardılmasının mənasını anlamaq çətindir. Çünki Müsavat Partiyasının iştirakı olmadan indiki anlamda qavranılan Milli Şuranın yaradılması mümkün ola bilməzdi, eyni zamanda, Müsavat Partiyasının dəstəyi olmadan Rüstəm İbrahimbəyov Azərbaycan müxalifətinin vahid namizədi kimi qəbul oluna bilməzdi. Belə olan halda Müsavat Partiyasına qarşı irəli sürülən iradlar yersizdir".

Qeyd edək ki, Rüstəm İbrahimbəyov Milli Şuraya ikinci namizədin müəyyən edilməsi ilə bağlı müraciət ünvanlayıb. Lakin müracət Milli Şuranın iyulun 9-da keçirilən sessiyasında müzakirəyə çıxarılmayıb. Milli Şuranın sədri və namizədi Rüstəm İbrahimbəyov Milli Şura üzvlərinə müraciətində qeyd edib ki, demokratik qüvvələr seçkiyə vahid namizədlə getməlidir, hətta həmin namizədin qeydiyyata alınmasından imtina ehtimalının olduğu variantda belə, demokratik düşərgədən ikinci namizəd irəli sürülməməlidir. Bu təkliflər bağlı Milli Şura daxilində ciddi fikir ayrılığı yaranıb. /Trend/

OXŞAR XƏBƏRLƏR