Tarixə atılan imza - Elçin Mirzəbəyli yazır

Tarixə atılan imza - Elçin Mirzəbəyli yazır
SİYASƏT
14:25 14.06.2026
248
Tarixdə elə sənədlər var ki, onların əhəmiyyəti yalnız imzalandıqları dövrün siyasi reallıqları ilə məhdudlaşmır. Belə sənədlər zaman keçdikcə daha böyük məna qazanır, bütöv xalqların taleyinə və regionların gələcəyinə təsir göstərən strateji mətnlərə çevrilirlər. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan Şuşa Bəyannaməsi də məhz bu qəbildən olan sənədlərdəndir.

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra imzalanan bu sənəd iki qardaş dövlət arasında münasibətlərin yeni mərhələyə yüksəldiyini rəsmiləşdirməklə yanaşı, regionun geosiyasi mənzərəsinə mühüm təsir göstərən strateji hadisə kimi tarixə düşdü. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtəsini ifadə etməklə bərabər, Türk Dünyasının gələcək inteqrasiyasına istiqamət verən siyasi manifest rolunu oynadı.

Bu bəyannamə bir millətin iki dövlətinin ortaq iradəsinin təntənəsi, siyasi, hərbi, iqtisadi və mədəni məzmunu qədər dərin mənəvi yük daşıyan tarixi sənəddir. Türk dövlətləri arasında indiyədək qarşılıqlı münasibətlərin bütün istiqamətlərini bu qədər geniş və sistemli şəkildə əhatə edən başqa bir sənəd imzalanmayıb. Məhz buna görə də Şuşa Bəyannaməsi yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə Türk Dünyasının siyasi tarixində mühüm dönüş nöqtəsi hesab olunmalıdır.
Sənədin əhəmiyyətini artıran əsas amillərdən biri onun Qarabağ Zəfərindən sonra, Azərbaycan dövlətçiliyinin və milli qürurunun rəmzinə çevrilmiş Şuşada imzalanmasıdır. Bu seçim təsadüfi deyildi. Şuşadan verilən mesaj aydın idi: Azərbaycan və Türkiyə bundan sonra da regionda sülhün, sabitliyin, təhlükəsizliyin və inkişafın təmin olunması istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini keyfiyyətcə yeni mərhələyə çıxararaq onları strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəltdi. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, hərbi koordinasiya, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, iqtisadi inteqrasiya, humanitar və mədəni əlaqələr sənədin əsas istiqamətlərini təşkil edir. Bu isə iki dövlətin gələcək inkişaf strategiyalarının böyük ölçüdə uzlaşdırıldığını göstərir.
Şübhəsiz ki, Azərbaycan-Türkiyə münasibətlərinin təməlində ortaq tarix, dil, mədəniyyət və milli-mənəvi dəyərlər dayanır. Lakin müasir beynəlxalq münasibətlər sistemi sübut edir ki, strateji müttəfiqliyin ən yüksək səviyyəsinə çatmaq üçün təkcə bu amillər kifayət etmir. Bunun üçün uzaqgörən siyasi liderlik, qarşılıqlı etimad, milli maraqların düzgün müəyyənləşdirilməsi və gələcəyə hesablanmış strateji baxış tələb olunur.

Məhz bu baxımdan Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rolu xüsusi qeyd edilməlidir. Son illərdə iki qardaş ölkə arasında formalaşan münasibətlərin bugünkü səviyyəyə çatmasında onların nümayiş etdirdikləri siyasi iradə və qətiyyət həlledici rol oynayıb. Tarixi prosesləri düzgün qiymətləndirmək, milli maraqları qətiyyətlə müdafiə etmək və qarşılıqlı etimada əsaslanan münasibətlər qurmaq bacarığı Azərbaycan-Türkiyə birliyini regionun ən güclü siyasi ittifaqlarından birinə çevirib.
Bu gün əminliklə demək olar ki, İlham Əliyevin Azərbaycana, Rəcəb Tayyib Ərdoğanın isə Türkiyəyə rəhbərlik etdiyi dövr təkcə iki qardaş dövlət üçün deyil, bütövlükdə Türk Dünyası üçün tarixi imkanlar dövrüdür. Son illərdə Türk Dövlətləri Təşkilatının institusional güclənməsi, üzv ölkələr arasında əlaqələrin dərinləşməsi və ortaq siyasi baxışın formalaşması da məhz bu liderliyin yaratdığı yeni geosiyasi reallıqların nəticəsidir.

Şuşa Bəyannaməsi eyni zamanda Azərbaycan və Türkiyənin həm çətin, həm də xoş günlərdə bir yerdə olacaqlarının siyasi-hüquqi təsdiqidir. Bu sənəd qardaşlığın əhd-peymanı, qarşılıqlı etimadın ifadəsi və gələcək nəsillərə ünvanlanmış strateji öhdəliklər toplusudur. Burada söhbət sadəcə iki dövlət arasındakı münasibətlərdən getmir. Burada ortaq tarixə, ortaq taleyə və ortaq gələcəyə inamdan söhbət gedir.

Azərbaycan və Türkiyə bir-birinin yanında olan dövlətlərdən daha artıqdır. Onlar eyni strateji məqsədləri bölüşən, eyni dəyərləri müdafiə edən və bir-birinin gücünü tamamlayan müttəfiqlərdir. İşğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqlarının yanaşı dalğalanması da bu birliyin ən parlaq rəmzlərindən biridir. Bu bayraqlar Çanaqqaladan Qarabağa qədər uzanan ortaq mübarizə tarixini, qardaşlıq ruhunu və ortaq taleyi təcəssüm etdirir.

Azərbaycan-Türkiyə birliyinin cazibə mərkəzinə çevrilməsi Türk Dünyasının digər xalqlarında da inteqrasiyaya və əməkdaşlığa marağı artırıb. Bu gün Türk Dünyasının siyasi, iqtisadi və mənəvi birliyindən danışılırsa, bunun əsas səbəblərindən biri Bakı ilə Ankara arasında formalaşmış etibarlı və sarsılmaz münasibətlərdir.
Məhz buna görə də artıq "Bir millət – iki dövlət" fəlsəfəsi daha geniş geosiyasi məzmun qazanaraq Türk Dünyasının inteqrasiya modelinin əsas sütunlarından birinə çevrilib. Türk Dövlətləri Təşkilatının gələcəkdə ortaq strateji hədəflərin reallaşdırılmasında daha təsirli mexanizmə çevriləcəyi ilə bağlı gözləntilər də bu reallıqdan qaynaqlanır.
Şuşa Bəyannaməsi yalnız bu günün deyil, gələcək onilliklərin sənədidir. O, Azərbaycan və Türkiyə arasında qardaşlığın siyasi-hüquqi təsdiqi olmaqla yanaşı, Türk Dünyasının birliyinə aparan yolun mühüm mərhələsini təşkil edir. Zaman keçdikcə bu sənədin tarixi əhəmiyyəti daha aydın görünəcək və Şuşada atılmış imzaların bütöv bir coğrafiyanın gələcəyini müəyyənləşdirən strateji qərarlar sırasında yer aldığı daha qabarıq şəkildə öz təsdiqini tapacaq.

Elçin Mirzəbəyli 
Milli Məclisin deputatı, Əməkdar jurnalist
OXŞAR XƏBƏRLƏR