Oktyabrın 7-də Heydər Əliyev Sarayında sarayda böyük sənətkar, SSRİ və Azərbaycanın Xalq Artisti, “Şöhrət” və “İstiqlal” ordenli Müslüm Maqomayevin 70 illik yubileyi böyük təntənə ilə qeyd edildi.AzərTAc xəbər verir ki, “Sən mənim melodiyamsan. Görkəmli müğənniyə həsr olunur...” adlı konsertdən əvvəl tədbir iştirakçıları sarayın foyesində Müslüm Maqomayevin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.Dövlət və hökumət rəsmilərinin iştirak etdiyi təntənəli tədbir Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında bəstəkar Müslüm Maqomayevin “Şah İsmayıl” operasından uvertüra ilə başladı, Müslüm Maqomayevin ifasında Aslan şahın ariyasının videoyazısı tamaşaçılara nümayiş etdirildi.Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub. Natiq onu da nəzərə çatdırmışdır ki, görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin 70 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam çərçivəsində ölkəmizin bütün şəhər və bölgələrində indiyədək onun xatirəsinə həsr olunmuş konsertlər, tədbirlər, sərgilər keçirilib.Konsertdə Azərbaycan və Rusiyanın görkəmli sənətkarlarının ifasında musiqi nömrələri və Müslüm Maqomayevin repertuarından əsərlər səsləndirilib.Tanınmış müğənni və bəstəkar Emin Ağalarov uşaqlıq çağlarından bu böyük sənətkarı tanımaq və onunla bir səhnədə oxumaq şərəfinə nail olduğunu deyib və onun repertuarından mahnı ifa edib.Həmçinin Azərbaycanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın, tanınmış Rusiya müğənnisi, SSRİ Xalq Artisti İosif Kobzonun, Rusiyanın Xalq Artisti Larisa Dolinanın, Azərbaycan və SSRİ Xalq Artistləri Fidan və Xuraman Qasımova bacılarının və başqalarının ifaları alqışlarla qarşılanıb.