Mövsümüdür, amma qiyməti düşmür - Gilasın kilosu niyə 15 manatdır?

Mövsümüdür, amma qiyməti düşmür - Gilasın kilosu niyə 15 manatdır?
SOSİAL
22:53 01.06.2026
799
Mövsümü olmasına baxmayaraq ərik və gilasın bazarda yüksək qiymətlə, yəni 14–15 manat civarında satılması son günlər istehlakçılar arasında suallar doğurur. Adətən bu meyvələrin mövsüm dövründə daha ucuz olması gözlənilsə də, qiymətlərin aşağı düşməməsi bazarda təklif və tələb balansı, hava şəraiti və istehsal xərcləri ilə bağlı bir sıra amillərin təsiri ilə izah olunur. Bu vəziyyət həm alıcıların büdcəsinə, həm də ümumi bazar dinamikasına birbaşa təsir göstərir.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Demokrat.az-a bildirib ki, intensiv yağışlar kənd təsərrüfatında əkinçiliyə müsbət təsir göstərsə də, bağçılığa mənfi təsirləri mövcuddur:

"Belə ki, erkən dövrlərdə ağacların çiçəkləmə və tozlanma mərhələsində yağışların intensiv olması məhsuldarlığı aşağı sala bilər. Arıların və müxtəlif həşəratların fəaliyyətinə mənfi təsir göstərərək tozlanmanı zəiflədir və nəticədə məhsuldarlıq azalır.

Bundan başqa, intensiv yağışlar və ağac dibinin davamlı nəm qalması köklərin inkişafına mane olur və ümumilikdə ağacların inkişafına mənfi təsir göstərir. Eyni zamanda, bağçılıqda fermerlər müxtəlif dərman vasitələrindən istifadə etdikləri üçün yağışların intensivliyi bu xərcləri kəskin şəkildə artıra bilər. Çünki dərmanlamadan sonra yağışın yağması yenidən dərmanlama ehtiyacı yaradır və bu da əlavə xərc deməkdir. Bunu etmədikdə isə ağaclarda müxtəlif göbələk və bakterial xəstəliklərin yaranma riski artır. Amma ümumilikdə bu proseslərin ölkədə meyvə və tərəvəz qıtlığına gətirib çıxaracağını demək düzgün olmaz. Çünki ölkə ərazisi müxtəlif iqlim qurşaqlarında yerləşir, yağıntılar isə müxtəlif bölgələrdə fərqli intensivlikdə müşahidə olunur".

Ekspert deyib ki, buna görə də qıtlıqdan çox, məhsuldarlığın azalması və ayrı-ayrı meyvə növləri üzrə təklifin zəifləməsi səbəbindən qiymət artımından danışmaq daha doğru olar:

"Xüsusən erkən yetişən meyvələrdə, məsələn alça, gilas və digər bəzi növlərdə bazara çıxışın azalması müşahidə oluna bilər ki, bu da qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Yağışın digər mənfi təsiri isə erkən yetişən meyvələrdə çatlama və keyfiyyətin aşağı düşməsi ilə bağlıdır.

İntensiv yağışlar gilas və alçanın çatlamasına, meyvələrin keyfiyyətinin aşağı düşməsinə səbəb olaraq fermerlərin ümumi xərclərini artıra bilər. Məhsuldarlığın azalması və bəzi erkən yetişən meyvələrdə keyfiyyətin pisləşməsi, xüsusilə alma, armud, şaftalı kimi məhsullarda da müşahidə oluna bilər. Bu isə nəticədə bəzi fermerlər üçün ciddi xərc artımı yaradır və məhsul təklifində müəyyən azalmaya səbəb olur. Ümumilikdə isə bunlar məhsul qıtlığı yaratmasa da, təklifin azalmasına və nəticədə qiymətlərin artmasına səbəb ola bilər. Lakin qeyd edildiyi kimi, ölkənin müxtəlif iqlim qurşaqlarında yerləşməsi və yağıntıların bölgələr üzrə fərqli olması səbəbindən təsir bütün ərazilərdə eyni olmur. Bəzi fermerlər daha çox zərər görsə də, digər bölgələrdə nisbətən daha stabil məhsuldarlıq qiymət artımının təsirini qismən yumşalda bilər", - deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR