Nadir qiymət artımı haqda danışdı: "Avropada da belədir, hər şey bahadır"

Nadir qiymət artımı haqda danışdı: "Avropada da belədir, hər şey bahadır"
MAQAZİN
17:14 05.12.2016
11870
Tarif (qiymət) Şurasının təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının qiymətini qaldırması son günlər ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
 
Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib. Bir çox sahəyə təsirsiz ötüşməyən qiymət artımı şou-biznesdə özünü necə göstərəcək? Müğənnilər bahalaşma ilə əlaqədar toy qiymətlərində dəyişiklik edəcəklər?
 
Musavat.com mövzu ilə əlaqədar müğənnilər arasında sorğu keçirib. Əməkdar artist Ədalət Şükürov toy qiymətini qaldırmayacağını deyib: "Mən neçə ildir ki, toya eyni qiymətə gedirəm. Toy qiymətimi dəyişmək fikrim yoxdur. Çünki insanların xətrinə dəyə bilmərəm. Kim dəyişirsə, özü bilər. O ki, qaldı qiymət artımına, bu dövlət tərəfindən atılan addımdır. Birdən-birə verilən qərar deyil, aylarla düşünülür. Mən olsaydım, qiymət qaldırmazdım. Necə olur ki, neftin qiyməti düşür, amma benzin qiyməti düşmür? Bunu anlamıram. Elə dövrdür ki, insanlara demək lazımdır ki, inciməyin, işıq 7 qəpikdir, elə edərik 6 qəpik olar. İndi elə zəmanədir ki, insanların əlindən tutmaq lazımdır".
 
Müğənni Nadir Qafarzadə xalqı pessimist olmamağa çağırıb: "Onsuz da toyların sayı azalıb, insanlar artıq başqa ehtiyaclarını düşünür. Qiymət qaldırmaq haqda düşünmürəm. Allah Azərbaycan xalqının köməyi olsun. Heç kimi aclıqla, çörəklə imtahan etməsin. Hər qaranlıq gecənin bir gündüzü var. Bu artımlar varsa, gələcəkdə dövlətimiz tərəfindən insanlarımızın yaşayışının yaxşılaşdırılması üçün addımlar atılar, maaşlar, pensiyalar artırılar. İnsanlar pessimist olmasın. Avropada da belədir. Hər şey bahadır, amma insanlar pessimist deyil, daim üzlərində təbəssüm var".
 
Xanəndə Gülay Zeynallı toy qiymətini qaldırmayan sənət adamlarındandır: "Bahalaşma ilə bağlı sualı dolları çox olan insana verin. Qazın və işığın pulunun artığını bilirəm. Bizim işimiz çox olur deyə evdə az oluruq. Mən yaşayışımdan çox razıyam, qiymətlər qalxsa da, naşükürlük edə bilmərəm. Allah sağlamlıq verib, ehtiyaclarımı ödəmək üçün çalışıram. Mənim toy qiymətim stabil deyil. Elə insan var ki, məni toyuna dəvət etməyə imkanı çatmır, amma arzusudur. Mən o toya ya pulsuz gedirəm, ya da az məbləğ alıram. Getdiyim məkana və toy sahibinin durumuna uyğun qiymət deyirəm. Toy qiymətimi qaldırmaq fikrim isə yoxdur".
 
Müğənni Aysel Əlizadə bildirib ki, toya aşağı qiymətə gedn müğənnilərdəndir: "Yəqin belə məsləhət olub ki, qazla işığın qiymətini qaldırıblar. Bizə də ödəmək qalıb. Mən evdə az oluram, işıqdan qazdan istilikdən az istifadə edirəm. ona görə çox xərc çıxmır. Toy qiymətlərimə gəldikdə isə dəyişiklik olmayacaq. Onsuz da mən baha qiymətə toylara getmirəm”.
OXŞAR XƏBƏRLƏR