Nağdsız ödənişlər artsa da, bankomat növbələri niyə bitmir? – Ekspertlərdən açıqlama

Nağdsız ödənişlər artsa da, bankomat növbələri niyə bitmir? – Ekspertlərdən açıqlama
İQTİSADİYYAT
16:47 13.07.2026
310
Nağdsız ödənişlərin həcmi ildən-ilə artsa da, bankomatların qarşısında yaranan növbələr hələ də gündəlik həyatın dəyişməyən mənzərələrindən biridir.

Xüsusilə maaş, pensiya və sosial ödənişlərin verildiyi günlərdə bankomatların qarşısında uzun növbələr müşahidə olunur. Nağdsız ödənişlərin geniş yayıldığı bir dövrdə insanların bankomatlardan aktiv istifadə etməsi diqqət çəkən məqamlardan biridir.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, növbələrin yaranmasının əsas səbəbi insanların nağd pula üstünlük verməsidir:

"Bankomatların qarşısındakı növbələr daha çox pensiya ödənişlərinin həyata keçirildiyi günlərdə müşahidə olunur. Bunun əsas səbəbi təqaüdçülərin vəsaitlərini nağdlaşdırmağa üstünlük vermələridir. Onlar ödəniş edilən gün bankomatlara üz tuturlar. Bu isə əsasən yeni texnologiyalardan məhdud istifadə etmələri ilə bağlıdır. Bir çoxu bank kartlarını mobil telefonlara inteqrasiya etmək və ya rəqəmsal ödəniş vasitələrindən istifadə etməkdə çətinlik çəkir. Rəqəmsal imkanlar barədə məlumatlılıq səviyyəsinin aşağı olması da onların alış-veriş zamanı nağd pula üstünlük verməsinə səbəb olur".


Ekspert qeyd edib ki, nağdsız ödənişlərin həcmi artsa da, cəmiyyətdə nağd puldan istifadə vərdişi hələ də qalmaqdadır:

"Bəzi şəhərlərdə, xüsusilə ərzaq bazarlarında POS-terminallar və onlayn ödəniş imkanları ya məhduddur, ya da ümumiyyətlə mövcud deyil. Buna görə də alış-veriş əsasən nağd şəkildə həyata keçirilir. Digər tərəfdən, yaş amili də mühüm rol oynayır. Yaşlı insanların texnologiyadan istifadə bacarıqları məhduddur. Rəqəmsal ödənişlərdən istifadə üçün müasir smartfonlara ehtiyac var və hər kəsdə belə telefon yoxdur. Eyni zamanda, onlar uzun illər ərzində formalaşmış vərdişə uyğun olaraq nağd pula üstünlük verirlər. Bu da bankomatların qarşısında növbələrin yaranmasına səbəb olur".

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, növbələrin əsas səbəblərindən biri insanların bank kartlarının təhlükəsizliyi ilə bağlı narahatlığıdır:

"Son zamanlar bank kartlarından pul oğurlanması, dələduzluq halları və vətəndaşların müxtəlif üsullarla aldadılması halları artıb. Buna görə də insanlar maaş və pensiyalarını alan kimi vəsaitlərini nağdlaşdırmağa üstünlük verirlər. Bu tendensiya da bankomatların qarşısında yaranan növbələrin əsas səbəblərindən birinə çevrilib".


Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR