Naftalan icra hakimiyyətindən sərt - REAKSİYA

Naftalan icra hakimiyyətindən sərt - REAKSİYA
Bütün Xəbərlər
16:20 20.12.2013
3060

Ülfət Əliyev: “Müxalif mətbu orqanlarda Naftalanda həyata keçirilən quruculuq işlərinə kölgə salmağa çalışır, bu yolla asan gəlir əldə etmək istəyirlər”

“Son günlər bəzi müxalif mətbuat orqanlarında barəmizdə həqiqətə uyğun olmayan, şər və böhtan xarakterli yazılar dərc olunur”. Bu sözləri AZXEBER.COM-a açıqlamasında Naftalan şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Ülfət Əliyev söyləyib.

O bildirib ki, bu yazılarda guya şəhərdə fəaliyyət göstərən turizm obyektlərinin şəhər İcra Hakimiyyətinin başçısı ilə bağlı olduğu barədə əsassız iddialar yer alıb: “Naftalan şəhər İcra Hakimiyyəti olaraq biz bu yazıların şər və böhtan xarakterli olduğunu, şəhərdə aparılan qurucluq işlərinə kölgə salmaq məqsədilə həyata keçirildiyini bəyan edirik. Şəhərdəki turizm obyektlərinin və məqalələrdə göstərilən bu kimi digər yersiz və əsassız fikirlərin şəhər İcra Hakimiyyəti başçısının adı ilə bağlanması böhtan və iftiradır”.

Son illər Naftalanda quruculuq işlərinin həyata keçirildiyini deyən İcra Hakimiyyəti rəsmisi bildirib ki, Naftalan şəhəri tərəqqi dövrünü yaşayır: “Demək olar ki, şəhərin hər yerində geniş tikinti-quruculuq işləri aparılır və əhalinin sosial problemləri aradan qaldırılır. Naftalana hər il müalicə almağa gələn qonaqlar bu kurort şəhərinin yaxşıya doğru sürətlə dəyişdiyini görüb heyranlıqlarını bildirir. Sifarişli mətbuat orqanları bunu görməzlikdən gələrək, şəhər İcra Hakimiyyətinin fəaliyyəti nəticəsində şəhərdə görülən iri miqyaslı işlərə kölgə salmağa çalışırlar”.

O, bildirib ki, şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov 25 yanvar 2010-cu il tarixdən şəhərə rəhbərlik edir: “Şəhərdə fəaliyyət göstərən yeddi istirahət və sağlamlıq mərkəzindən beşi 2006-2009-cu illər ərzində fəaliyyət başlayıb. Digər iki sanatoriya isə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 4.3.4.29-cu maddəsinə uyğun olaraq inşa edilib. Belə ki, proqramda nəzərdə tutulmuş qaydada “şəhərin səhiyyə kurort müəssisələrinin təmiri, avadanlıqlarla təchiz olunması və yenilərinin tikintisi” məqsədilə ayrı-ayrı sahibkarlar tərəfindən Sanatoriya Kurort Birliyinə məxsus Çinar sanatoriyası özəlləşdirilmiş və əvəzində dünya standartlarına cavab verən istirahət və sağlamlıq mərkəzi və başqa ərazidə “Qaşaltı” sanatoriyası inşa edilərək istifadəyə verilib. Bu istirahət və sağlamlıq mərkəzlərində 400 nəfərə yaxın insan daimi işlə təmin olunub”.

Həmsöhbətimiz bildirib ki, son zamanlar ölkə başçısının tapşırıqlarına əsasən sahibkarlara güzəştli kreditlərin verilməsi və onlara yerlərdə, o cümlədən Naftalanda münbit şəraitin yaradılması nəticəsində şəhərdə sahibkarlıq günü-gündən inkişaf edir: “Sahibkarlıq inkişaf etdikcə şəhərdə yeni iş yerləri açılır. Həmçinin göstərilən diqqətin nəticəsidir ki, onlarla sahibkar Naftalanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə müraciət edir. Hazırda sahibkar tərəfindən özəlləşdirilmiş Kurort Birliyinə aid müasir səviyyəli Qarabağ sanatoriyası tikilir. Bu sanatoriya da onlarla şəhər sakinin işlə təmin olunması nəzərdə tutulub.

Müxalif mətbuat orqanlarında əsassız yazılar dərc edənləri şəhərin konkret statistik göstəricilərini əldə etməyə çağıran İH sözçüsü qeyd edib ki, Naftalan şəhərində görülmüş və hazırda görülən işlərin nəticəsidir ki, 2008-2009-cu illərdə kurorta gələn yerli və xarici qonaqların sayı 2000-3000 nəfər olduğu halda, 2012-2013-cü illərdə bu rəqəm 11000-12000 nəfərə çatıb. Şəhərimiz dünya kurortlar birliyinə sürətlə inteqrasiya edir. Artıq Naftalan şəhərinin müasir tarixində yeni səhifə açılıb. Belə ki, hazırda Naftalan şəhəri Fransa Respublikasının Leql şəhəri və İtaliyanın Pozitano şəhəri ilə də əməkdaşlıq əlaqələri qurub.

Odur ki, Naftalanın bu cür inkişafı, quruculuq işlərini gözü götürməyən, öz şəxsi, çirkin maraqlarını güdüb asan qazanc əldə etmək xəstəliyinə tutulmuş və şaiyə, böhtan yazmaqla məşğul olan bu cür müəlliflərin Naftalanla bağlı yazıları həyata keçirmək istədikləri şantaj dolu tədbirlərin tərkib hissəsidir.

OXŞAR XƏBƏRLƏR