Namus üstündə qan tökdü

Namus üstündə qan tökdü
Bütün Xəbərlər
11:10 04.11.2011
1082

Gənc oğlan qardaşının ailəsinə sataşan həmkəndlisini bıçaqlayıb. Sabirabad rayonunda özgə arvadına göz dikən oğlan cəzalandırıldı. Rayon polis şöbəsindən milli.az xəbər portalına verilən məlumata görə, cəzanı ona qadının qaynı “kəsib”.

Hadisə rayonun Qaragüney kəndi ərazisində srağagün gecə törədilib. Saat 20:30 radələrində Qaragüney kənd sakini 31 yaşlı Ceyhun Vəliyev qardaşı arvadına pis gözlə baxan 27 yaşlı Səxavət Məmmədovun qanını axıdıb. Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulan C.Vəliyev törətdiyi hadisənin səbəbini tam çılpaqlığı ilə açıqlayıb. İstintaqa ifadə verən C.Vəliyev deyib ki, S.Məmmədov onun qardaşı Xəqaninin arvadı Simuzərlə görüşürmüş. Oktyabrın 18-də onları həyətdə tutsa da, həmin vaxt Səxavət qaçaraq canını qurtarıbmış. Lakin həmin hadisədən sonra Səxavəti yenə də qardaşının həyətinin ətrafında dolanan görüb. Gecə onu tutaraq bıçağı qarnına soxub. Onu da əlavə edək ki, C.Vəliyev “Azərenerji”nin rayon şöbəsində mühafizəçi işləyir. Hazırda faktla bağlı araşdırma aparılır. Xəsarətin dərəcəsi ilə bağlı ekspert rəyindən sonra C.Vəliyevin barəsində hansı tədbirin görülməsi məlum olacaq.

OXŞAR XƏBƏRLƏR