Naqif Həmzəyev: “Qarabağ” yatağına qayıdış milli neft siyasətinin uğurudur

İQTİSADİYYAT
15:40 11.08.2020
588
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu uğurlu neft strategiyası Azərbaycanı yeni inkişaf mərhələsinə yüksəldib, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasına zəmin yaradıb. Ölkə Prezidenti İlham Əliyev tərəfindən milli neft strategiyasının uğurla həyata keçirilməsi isə Azərbaycan dövlətinin enerji təhlükəsizliyi sahəsində güclü və müstəqil tərəfdaşa çevrilməsinə, müstəqil ölkəmizin güclənməsinə, sosial-iqtisadi tərəqqisinə, xalqımızın rifah halının daha da yüksəlməsinə böyük töhfələr verib.

AZXEBERCOM xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, avqustun 10-da Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda Prezident İlham Əliyevin iştirakı ilə SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilmiş neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan "Qarabağ” dayaq blokunun dənizə yola salınması bunun bariz nümunəsidir. Texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan "Qarabağ” dayaq blokunun istifadəyə verilməsi eyni zamanda, dövlət Başçımız tərəfindən görülən məqsədyönlü tədbirlər nəticəsində bütün sahələrdə olduğu kimi neft və qaz sənayesinin də inkişafını, bu sahə üzrə mütəxəssislərin yüksək peşəkarlığa malik olmasını göstərdi.

Uğurla həyata keçirilən milli neft siyasəti dövlətimizin güclənməsinə, xalqımızın rifahına və mədəni intibaha xidmət etməklə yanaşı Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənilməsi üçün dünyanın Qafqazda marağı olan bütün mərkəzlərinin iqtisadi mənafelərinin ödənilməsinə şərait yaratdı. Bu isə ölkəmizin beynəlxalq aləmdəki tərəfdaşlarının, dostlarının sayının daha da artması deməkdir.

Ölkə Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində "Qarabağ” yatağının dayaq bloku üzrə dənizə yola salınmasının çox əlamətdar hadisə olduğuna diqqət çəkib: ” Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur. Ona görə bu layihənin əhəmiyyəti haqqında çox danışmaq olar. Əlbəttə ki, bu, bizim uğurlu siyasətimizin nəticəsidir. Çünki artıq 1994-cü ildən başlayaraq xarici neft şirkətlərinin Azərbaycanda böyük həcmdə sərmayə qoymalarına baxmayaraq, bu günə qədər Azərbaycanın neft-qaz sənayesinə, neft-qaz potensialına xarici investorlar tərəfindən maraq azalmır, əksinə, artır. Əminəm ki, növbəti illərdə "Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda verəcək”.

Bəli, ötən dövrdə uğurla həyata keçirilən milli neft siyasəti hələ uzun illər dövlətimizin güclənməsinə, xalqımızın rifahına və mədəni intibaha xidmət edəcək, işğalçı ermənistan hakimiyyəti tərəfindən öz evlərindən, el-obalarından didərgin düşmüş bir milyon qaçqın və məcburi köçkün soydaşlarımız doğma torpaqlarımıza qayıdacaq. Ölkə Prezidentimizin qeyd etdiyi kimi: "Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

OXŞAR XƏBƏRLƏR

X Mostbet