Biz seçkiləri Qubada müşahidə etdik.
Təsdiq etmək istəyirəm ki, heç bir qeyri-adi hal, normaları pozan insidentlə qarşılaşmadıq. AZXEBER.COM-un verdiyi xəbərə görə, bunu Fransa Senatının üzvü, senatın müşahidə missiyasının rəhbəri Natali Qule bildirib. “Digər təşkilatlar bir çox saxtakarlıq halları haqqında məlumat veriblər. Onların məsuliyyətini öz üzərilərinə qoyuram. Biz isə seçkilərin tamamilə beynəlxalq normalara uyğun, demokratik, şəffaf keçirildiyini müşahidə etdik”. O, digər müşahidəçilərlə də görüşdüklərini və onların da seçkilərin demokratik, sakit şəraitdə keçdiyi fikrində olduğunu deyib. “On il əvvəl İlham Əliyevin prezident seçkilərində də iştirak etmişdim. Demək istəyirəm ki, artıq ölkəni yaxşı tanıyıram. Mənim on ildə gördüyüm inkişaf aydın şəkildə özünü göstərir”. N.Qule bildirib ki, bu seçkilərin Fransada keçirilən seçkilərdən heç bir fərqi yoxdur. “Təkcə bir fərqi demək istəyirəm ki, bizim ölkədə bu qədər müşahidəçi olmur”. O, həmçinin Qubanın uzaq kəndlərindəki seçki məntəqələrinə də baş çəkdiklərini və orda da prosesin tam normalara uyğun keçdiyini, heç bir qeyri-qanuni halla qarşılaşmadıqlarını deyib. Fransa senatının müşahidə missiyası 5 senatordan ibarətdir. Onlar 2 qrup şəklində Qubada keçirilən prezident seçkilərini müşahidə ediblər.