NATO-nun Belçikanın paytaxtı Brüssel şəhərində keçən iclasında Türkiyənin “Patriot” raketləri ilə bağlı müraciətinə müsbət cavab verilib. Belə ki, quruma üzv dövlətlərin xarici işlər nazirləri, Suriya ilə sərhəddə ballistik raket əleyhinə müdafiə sisteminin quraşdırılmasına razılıq verib.Zenit raket kompleksinin Suriya-Türkiyə sərhədində yerləşdirilməsi üçün rəsmi Ankara NATO-ya noyabr ayında vəsatət qaldırıb. İclasın yekunlarında NATO xarici işlər nazirləri Almaniya, Hollandiya və ABŞ-ın Türkiyəni müdafiə kompleksi ilə təchiz etmək təşəbbüsünü alqışlayıb.Türkiyənin xarici işlər naziri, Əhməd Davudoğlu qəbul olunmuş qərarın yalnız müdafiə məqsədi daşıdığını və ölkənin havadan qorunma tədbirlərinin gücləndirilməsinə yönəldildiyini vurğulayıb. Türkiyə kütləvi informasiya vasitələrinə görə, ballistik raket müdafiə sisteminin Diyarbəkir, Malatya və Qaziantep bölgələrində quraşdırılacağı gözlənilir.Zenit raket kompleksinin idarə olunacağı məntəqə isə Almaniyada daha doğrusu NATO-nun Ramştayndakı bazasında yerləşəcək.Türkiyədə yerləşdiriləcək komplekslərə xidmət etmək üçün Almaniya Türkiyəyə 160 mütəxəssis göndərəcək.