2 fevral Gənclər günü münasibəti ilə Naxçıvan MR Gənclər və İdman Nazirliyi tədbir təşkil edib.
AZXEBER.COM-un məlumatına görə, regionda fəaliyyət göstərən müxtəlif ali və orta ixtisas məktəbləri tələbələrinin, dövlət orqanlarında çalışan və ictimai həyatda aktiv iştirak edən gənclərin iştirak etdiyi tədbirdə çıxış edən Naxçıvan MR Gənclər və İdman Naziri A.Cabbarov ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin uğurlarından danışıb.
Bu siyasətin muxtar respublikada da Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbovun rəhbərliyi altında uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb. Nazir bu istiqamətdə həyata keçiriləcək işlərdən də danışıb. Sonra Naxçıvan Muxtar Respublikasında müxtəlif sahələrdə fəaliyyətlərinə görə seçilən gənclər mükafatlandırılıb.
İlin ən yaxşı rəssamı nominasiyası Tural Həsənliyə, İlin ən yaxşı jurnalisti nominasiyası Elnur Kəlbizadə və Günay Xəlilbəyliyə, ilin ən yaxşı gənc idmançısı nominasiyası Tayfur Əliyevə, ilin ən yaxşı gənc aktyoru nominasiyası Nəsimi Məmmədzadəyə, ilin ən yaxşı gənc tələbəsi nominasiyası Nargilə Əsədovaya, ilin ən yaxşı gənc alimi nominasiyası Zülfiyyə İsmayıla təqdim olunub. Ümumilikdə 14 nominasiya üzrə gənclər diplomlarla təltif olunublar.