Qlobal informasiya mühitinin media trendlərinin formalaşmasına təsirindən danışarkən artıq ənənə halını almış Şuşa Qlobal Media forumları barədə bəhs etməmək mümkün deyil. Aparıcı media menecerləri, ekspert və jurnalistlər dünya mediasının müasir trendlərini son illər məhz Şuşa şəhərində keçirilən Qlobal Media forumları çərçivəsində müzakirə edir, fikir mübadiləsi aparırlar.
Bu sözləri Naxçıvanda keçirilən "Qlobal informasiya mühiti və media trendləri" konfransı - "Mediafest-2025"də çıxışı zamanı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O qeyd edib ki, Qlobal Media forumlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsən iştirak etməsi, media nümayəndələrinin çoxsaylı suallarını cavablandırması dövlətimizin haqq səsinin dünyaya çatdırılması baxımından əlamətdar hadisə olmaqla yanaşı, eyni zamanda, başlıca vəzifəsi cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək olan mediaya diqqət və qayğının müstəsna təzahürüdür.
"Düşünürük ki, bu gün Naxçıvan şəhərində işinə başlayan konfrans Azərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacaq. Panel müzakirələrdə iştirak edəcək media menecerlərinə, ekspertlərə və bütün iştirakçılara uğurlar arzulayırıq", - deyə Əhməd İsmayılov əlavə edib.