"Ümumtəhsil məktəbində təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət edir", - Nizamnamədə qeyd olunub. Həmçinin, Nizamnamədə ümumtəhsil məktəbinin öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıması əks olunub.
Ümumilikdə Nizamnamədə ümumtəhsil məktəbinin strukturu, fəaliyyətinin əsasları, məktəbdə təlim-tərbiyə prosesinin təşkili, məktəbin idarə olunması, məktəblər üzrə təhsil prosesinin iştirakçıları, məktəbdə təhsil alanların, təhsil verənlərin, valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri, məktəbin maliyyə-təsərrüfat fəaliyyəti və maddi-texniki bazası, məktəbə aid sənədlər, məktəbin beynəlxalq əlaqələri əks olunub.