“Ölkəmizdə bu cür festivallarla bağlı kifayət qədər təcrübə var”.
“Onların bəziləri festivaldan sonra, ola bilsin ki, incəsənət sahəsinə maraq göstərsin...”
“Nazirlik məktəbin şüşəsi sınanda şagirddən pul alır, amma biletlərin satışına əngəl olur”.
“Azərbaycanda yeganə qurum Təhsil Nazirliyidir ki, gənclərin, tələbələrin teatrla əlaqəsinə qəti şəkildə maneə olur”.
“Biz girib sinifə “Bizim teatra gəlməlisiniz” demirik”.
“Məcbur etsəniz, bir də həmin şagird yetkin yaşa çatdıqdan sonra teatra gəlməyəcək”.
Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovunəziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalı davam edir. AZXEBER.COM portalı festivala ev sahibliyi edəcək Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovun fikirlərini öyrənib. Müsahibəni olduğu kimi təqdim edirik...
“Ölkəmizdə bu cür festivallarla bağlı kifayət qədər təcrübə var”.
-Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalı keçirilir.Bu festivala münasibətiniz?
Bir yaradıcı şəxs olaraq festivalın işini dəstəkləyirəm. Məlumat üçün qeyd edim ki, bizdə bu günə qədər 2 dəfə Azərbaycan teatrlarının ümumrespublika festivalı keçirilib. Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə ilk dəfə Gəncə şəhərində həyata keçirilib. İkinci festival isə Lənkəran şəhərində olub. Bu 2 festivalda yaş həddi gözlənilməyib. Ölkəmizdə bu cür festivallarla bağlı kifayət qədər təcrübə var. Hətta bu yaxınlarda Azərbaycanda Kukla teatrları festivalı da keçirilib. Burada dünyanın 16 ölkəsindən 20-ə yaxın teatr iştirak edirdi. Üst-üstə 21 tamaşa nümayiş olundu. Bu cür layihələr Mədəniyyət və Turizm nazirliyi tərəfindən keçirilən teatr layihələrinin bir hissəsidir. Ona görə ümumrespublika teatr festivalını müsbət qiymətləndirirəm. Ümumiyyətlə, teatr sənəti özlüyündə vacib ünsürlərin daşıyıcısıdır və teatrın cəmiyyətə verdiyi xeyirlər əvəzsizdir. Bu həm sağlam gəncliyin yetişdirilməsində, həm də cəmiyyətin maarifləndirilməsində çox böyük müstəsna rol oynayır. İncəsənətin bütün növləri teatr sənətinin içində cəmlənib. Burada mətn də var, görün tü də var, danışıq da var, rəssamlıq da var. Ona görə mən teatrın gənclərin maarifləndirilməsində oynadığı rolu yüksək qiymətləndirirəm. Biz ev sahibi olaraq əlimizdən gələn bütün imkanlardan istifadə edəcəyik ki, festivalın təşkilatçılığı yüksək səviyyədə olsun. Təbii ki, festival birinci dəfədir ki, keçirilir. Burada qeyri-peşəkarların olması qəbulediləndir. Elə məqsəd də bu qeyri-peşəkar gəncləri gələcəkdə yüksək səviyyəli, peşəkar, yaradıcı gənclərə çevirməkdir.
-Gənc tamaşaçılar teatrının ən son gənclərlə bağlı gördüyü işlər nələrdir?
YUNESKO-nun nəzdində fəaliyyət göstərən Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) adlı bir təşkilat var. Bu yaxınlarda Fransada keçirilən toplantıda bizim teatr həmin təşkilata üzv qəbul olundu. Bizim teatr Azərbaycan üzrə milli mərkəz elan olundu və mən bu mərkəzin sədri seçildim. Bizim məhz gələcəkdə nəzərdə tutduğumuz işlər arasında məhz gənclərin maraqlarını müdafiə edən bir neçə layihəmiz də var. Həmdə məlumat üçün qeyd edim ki, bizim teatrdakı əməkdaşların çoxu gənclərdir. Düzdür, birzə orta yaşlı əməkdaşlar da var. Ancaq gənclərin sayı da az deyil.
“Onların bəziləri festivaldan sonra, ola bilsin ki, incəsənət sahəsinə maraq göstərsin...”
-Mübariz müəllim, festival çərçivəsində Gənclər və İdman nazirliyinin Şüvəlandakı düşərgəsində Art Kamp keçiriləcək.Bir teatr mütəxəssisi kimi Azərbaycan teatr tarixində ilk dəfə keçirilməsi planlaşdırılan Art Kamp haqqında nə düşünürsünüz?
Təbii ki, münasibətim yüksəkdir. Nəzərə almaq lazımdır ki, bölgə gəncləri ilə paytaxt gəncləri arasındakı fəqrlər çoxdur. Çünki bölgə gənci paytaxtda baş verən hər hansı bir mədəni hadisəni televizordan və ya başqa bir KİV sahəsindən görə bilir, oxuya bilir. Ancaq paytaxt gəncləri isə bilavasitə bu hadisənin içərisindədir və onu canlı şəkildə görür. Bu tam başqa bir şeydir. Ona görə düşünürəm ki, həmin bölgə gənclərinin paytaxta gəlməsi və belə bir teatr hadisəsinin içərisinə düşməsi onların beyinlərində silinməz izlər buraxacaq. Şüvəlanda keçirilməsi nəzərdə tutulan Art Kampda hər hansı bölgə gəncinə və ya paytaxtda yaşayan yaradıcı gəncə keçirilən treninqlər gələcəkdə onların sənətə olan maraqlarında çox böyük dəyişikliklər edəcək. Onların bəziləri festivaldan sonra, ola bilsin ki, incəsənət sahəsinə maraq göstərsin və gələcəkdə ərizəsini incəsənətə versin. Bu işi görmək onun üçün daha asan olacaq, çünki artıq həmin gənc yaradıcı mühitin arasında olub.
“Nazirlik məktəbin şüşəsi sınanda şagirddən pul alır, amma biletlərin satışına əngəl olur”.
Şagirdlərdə, tələbələrdə teatra olan marağı inkişaf etdirmək üçün Təhsil nazirliyi ilə hansısa işlər görülürmü?
Mən bunu bir çox yerlərdə demişəm. Azərbaycanda yeganə qrum Təhsil nazirliyidir ki, gənclərin, tələbələrin teatrla əlaqəsinə qəti şəkildə maneə olur. Təhsilə rəhbərlik edən şəxslər, necə təhsilə rəhbərlik edirlərsə elə mədəniyyət sahəsinə də bir o qədər münasibət göstərirlər. Ölkə başçımızın sərəncamı ilə neçə teatr müəssəsəsi təmirə dayandırıldı. Dünyada belə bir hadisə bu günə qədər olmayıb. Bizim teatr da təmir edilən teatr müəssisələri arasında olub. Özü də elə-belə təmir yox, əsaslı və bərpa olunmuş vəziyyətdə təmir. Yəni bütün teatr avadanlıqlarından tutmuş onun bütün maddi-texniki bazası yeniləndi. Cənab prezidentin bu addımı onun şəxsən özünün teatra nə qədər önəm verdiyinin bariz nümunəsidir. Hətta cənab prezident “Azərbaycan teatrlarının inkişaf etdirilməsi haqqında 2009-2019-cu illərdə” dövlət proqramı da imzalayıb. Bizim gördüyümüz bütün bu layihələr hamısı həmin dövlət proqramının çərçivəsində həyata keçirilir. Ancaq Təhsil Nazirliyi uşaqların və tələbələrin teatra gəlməsinin qarşısını alır. Nazirlik məktəbin şüşəsi sınanda şagirddən pul alır, amma biletlərin satışına əngəl olur. Biz məktəb şagirdlərini maraqlandıran bir neçə tamaşanı öz proqramımıza salmışıq. Mirzə Fətəli Axundovun komediyalarını proqrama daxil etmişik. Ölkə başçısının da əmri ilə dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyi təntənəli surətdə qeyd olunacaq. Bəs biz bu qədər işi niyə görürük? Həmin tamaşaları qoyuruq ki, şagirdlər gəlsin, baxsın. Bütün tamaşalar da məktəb proqramına uyğun hazırlanır. Ancaq qoymurlar, şagirdlər gəlib bu tamaşalara baxsınlar. Təhsilə rəhbərlik edən Misir müəllim şagirdlərin teatra gəlişinə qəti surətdə qadağa qoyub. Belə olmaz.
“Biz girib sinifə “Bizim teatra gəlməlisiniz” demirik”.
Siz bunun səbəbini nədə görürsünüz?
Bunlar məktəblərdə pul yığımının qarşısını almaq istəyirlər. Biz bunu dəstəkləyirik və hər zaman bu cür addımlarda onların yanındayıq. Ancaq biz məcburi olaraq heç kəsə bilet satmırıq. Biz girib sinifə “Bizim teatra gəlməlisiniz” demirik. Sadəcə, imkan yaratsınlar ki, bizim nümayəndələrimiz afişaları məktəb binalarına yapışdırsınlar. Şagirdlərdən kim gəlmək istəyirsə, gəlsin. Bizim teatrda xüsusi ştatlı işçilər var ki, onlar məktəblərdə şagirdlərə teatrımız və tamaşalarımız haqqında məlumat verirlər. İnanın ki, məktəb direktorları onları məktəblərdən içəri buraxdırmır.
“Məcbur etsəniz, bir də həmin şagird yetkin yaşa çatdıqdan sonra teatra gəlməyəcək”.
Biletlərin satışında şagirdlərə məcburiyyətlər edilirmi?
Xeyr. Qəti surətdə biz bunun əleyhinəyik. Çünki teatr elə bir şeydir ki, onu məcburi heç kəsə yeritmək olmaz. Məcbur etsəniz, bir də həmin şagird yetkin yaşa çatdıqdan sonra teatra gəlməyəcək. Ona görə birmənalı şəkildə biz bunun əlehinəyik. Qoy kim istəyir, gəlsin, kim istəmir, gəlməsin. Məsələ burasındadır ki, əgər onlar bura gəlib-getdikdən sonra tamaşadan xoşları gəlməsə, onlar haqlıdırlar. Amma ümumiyyətlə gəlib baxa bilməməkləri artıq problemdir. Bu problem gələcəkdə mənəvi baxımdan çox böyük fəsadlar yarada bilər.
Bu təkcə sizin teatra qarşı olan bir münasibətdir, yoxsa, ümumiyyətlə, Təhsil nazirliyi bütün teatrlara qarşı eyni münasibət göstərir?
Bütün teatrlarda belədir. Biz başa salmaq istəyirik ki, əgər sən orta məktəb şagirdini 5-ci sinfə qədər kukla teatrına aparmayıb Hüseyn Cavidin “Şexs Sənan”ına aparsan o oradan heç nəyi başa düşməyəcək. Əvvəl Kukla teatrı daha sonra Gənc Tamaşaçıar teatrı və daha sonra Dövlət Dram teatrıdır. Yəni tamaşaçını yetişdirmək lazımdır. Buna mane olduqdan sonra hansı tamaşaçıdan söhbət gedə bilər? Bu gələcək nəsillərdə çox böyük problem doğura bilər.
Əfsələddin AĞALAROV