Nərgiz Cəlilova: “Anaların, bacıların, gəlinlərin göz yaşı heç kəsə lazım deyil” – EKSKLÜZİV MÜSAHİBƏ

GƏNCLİK
10:47 13.10.2011
6488

“Hər bir şəxs öz peşəsində peşəkar olmaqla vətəninə bir növ xidmət edir”.

“Anaların, bacıların, gəlinlərin gözünün yaşı heç kəsə lazım deyil”.

“Mən onlarda mənim fikirlərimi üstələyəcək fikirlər görmək istəyirəm”.

“Əyalət səviyyəsində düşünüən gənclərimiz heç də azlıq təşkil etmirlər”.

Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir. Festivalla bağlı AZXEBER.COM portalı tanınmış aparıcı Nərgiz Cəlilovanın fikirlərini öyrənib. Müsahibəni olduğu kimi təqdim edirik.

“Hər bir şəxs öz peşəsində peşəkar olmaqla vətəninə bir növ xidmət edir”.

- Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı keçirilir. Bu festivala münasibətiniz?

Çox gözəl təşəbbüsdür. Məni cəlb edən ən əsas səbəblərdən biri də məhz bu festivalın gənclər arasında keçirilməsidir. İnanıram ki, bununla da çox gözəl bir ənənənin əsası qoyulacaq və gələcək illərdə festivalın keçirilməsi adət halını alacaq.

- Nərgiz xanım, sizin üçün vətənpərvərlik nə ifadə eliyir?

Vətənpərvərlik ilk növbədə vətənini sevməkdən irəli gəlir. Vətənpərvər olmaq üçün hər bir vətəndaş öz vəzifə borcunu layiqincə yerinə yetirməlidir. Əslində, bu ifadələr şablon səslənsə də, bu faktdır. Yəni hər bir şəxs öz peşəsində peşəkar olmaqla vətəninə bir növ xidmət edir. Təbii ki, maarifləndirmə işləri aparılmalıdır. Konfranslar keçirməklə, müəyyən treninqlər etməklə bu hisslər aşılanmır. Daha fərqli formalarda bu təbliğat aparılmalıdır. İnsan doğulandan sonra onun valideyni, ətrafı gələcəkdə həmin insanın cəmiyyətdə hansısa mövqe tutmasında müəyyən rol oynayır. Məhz vətənpərvərlik hislərinin uşaqlarımıza aşılanması üçün də onun valideynlərinin və ətrafının rolu çox əhəmiyyətlidir. Biz isə ilk növbədə valideynlərə və ətraf mühitdə olan insanlara vətənpərvərliyi daha dolğun başa salmalıyıq ki, onlar da gələcəkdə həmin körpələrə bu hisləri aşılıya bilsinlər.

“Anaların, bacıların, gəlinlərin gözünün yaşı heç kəsə lazım deyil”.

- Nərgiz xanım, sizin üçün vətən uğrunda ölmək, yoxsa öldürmək - hansı əsasdır?

Əslində, öldürmək və ölmək - bunların hər ikisi vətən üçün edilirsə, elə onların hər ikisi mənim üçün əsasdır. Bilirsiniz, bunu daha dərindən, daha qlobal anlamaq lazımdır. Təbii ki, heç kəs öz ölkəsində müharibənin olmasının tərəfdarı deyil. Anaların, bacıların, gəlinlərin gözünün yaşı heç kəsə lazım deyil. Müharibədə ən çox ziyanı onlar çəkir. Ancaq lazım gələrsə, biz öz vətənimiz üçün bu göz yaşlarına dözməliyik. Çünki bunun başqa çarəsi yoxdur. Qaldı ki, hazırda biz sülh dövründə yaşayırıq və haqlı olduğumuzu hamı bilir. Dəfələrlə biz bunu dünyaya sübut etmişik. Sülh dövründə vətən üçün yaşayıb ona xidmət etmək, məncə, daha böyük vətənpərvərlikdir.

-Yəni vətən üçün ölməkdən çox yaşamağı üstün tutursunuz?

Təbii ki, vətən üçün yaşayıb onun doğrularını dünyaya hayqırmaq lazımdır. Bu daha böyük bir işdir. Çünki hamımız nə zamansa öləcəyik. Bəs, görəsən, ölməmişdən öncə vətənimiz üçün bir şey edə biləcəyikmi? Əsas məsələ məhz budur.

“Mən onlarda mənim fikirlərimi üstələyəcək fikirlər görmək istəyirəm”.

-Siz artıq bir neçə layihədə gənclərlə bir yerdə çalışmısınız və onlarla sıx ünsiyyət qurmusunuz. Bizim gənclik haqqında müşahidələriniz necədir?

Bu gün kifayət qədər sağlam düşünən gənclərimiz var. Mən hazırki dövrdə gənclərdən ən çox kreativlik gözləyirəm. İstəyirəm ki, hazırki gənclik onlara yaradılan imkanlardan, həqiqətən, yararlana bilsinlər. Ən böyük istəyim isə onların bizim nəsli üstələməsi və daha böyük layihələrlə özlərini sübut etmələridir. Mən bizim gənclərimizdə kəşflər görmək istəyirəm. Düzgün vurğuladınız ki, mən bir neçə layihədə onlarla bir yerdə olmuşam. Hərdən onlara da bunu söyləyirəm ki, fərqli fikirlər səsləndirin. Çünki mən indiki gənclərin səsləndirdiyi fikirləri 30 il bundan öncə də eşidirdim. Əslində, bu imkanlarla bizim gəncliyimiz daha çox kreativ olmalıdır.

-Sizin gənclərdə görmək istədiyiniz, konkret desək, nədir?

Mən onlarda mənim fikirlərimi üstələyəcək fikirlər görmək istəyirəm.

-Siz bu cür gənclərlə bu günə qədər qarşılaşmamısınız?

Qarşılaşmışam, ancaq bunun kütləviləşməsini istəyirəm. Qoy onlar mənim əslində bilməli olduğum, ancaq bilmədiyim şeyləri tapıb ortalığa çıxarsınlar. Kreativliklə bərabər onların fikirlərinin Azərbaycanı aşmasını istəyirəm. Qoy dünya tanısın onları.

“Əyalət səviyyəsində düşünüən gənclərimiz heç də azlıq təşkil etmirlər.

-Sizcə, gənclərimiz əyalət səviyyəsində düşünür?

Buna çoxluğu aid eləmək olmaz, amma əyalət səviyyəsində düşünüən gənclərimiz heç də azlıq təşkil etmirlər. Daha çox qlobal düşünməlidir bizim gənclik. Çünki biz balaca vətənimizdən çıxıb qloballaşmağa doğru gedirik. Biz dünya ilə bütövləşməliyik, çünki bizim başqa çarəmiz yoxdur. Bəs bizim gənclərimiz nəyə görə xaricə gedib təhsil alırlar? Onlar həmin bölgə xalqlarının dilindən onlara bizim həqiqətlərimizi çatdırmaq üçün bunu edirlər.

-Ancaq Nərgiz xanım, unutmayaq ki, xaricdə təhsil alıb Azərbaycanı bəyənməyən gənclərimiz də az deyil.

Çünki onlara az öncə bəhs etdiyim vətən hissi aşılanmayıb. Bu da valideynlərin və ətraf mühitin laqeydliyindən irəli gəlir.

Sonda festivalın işinə münasibətiniz?

Bir daha bütün idarə heyətinə uğurlar arzu edirəm. Bu işdə hər kəsin səfərbər olmasını arzulayıram. Çünki bu iş kollektiv işidir.

Təşəkkür edirik...

Sağ olun.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR