Nərgiz Kərimova: "Necə ola bilər ki, adını azərbaycanlı qoyub, bu cür müraciət ünvanlayasan”
GƏNCLİK
00:23 26.10.2011
4937
İnsan Hüquqları Klubu, Sülh və Demokratiya İnstitutu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və Siyasi Azadlıqları Müdafiə Alyansı “Azad olmayan ölkədə azad musiqi” kampaniyasına başlayıb. Onlar belə bir iddia irəli sürürlər ki, Azərbaycan demokratik ölkə deyil və bu baxımdan ali musiqi yarışmasının ölkədə keçirilməsi tədbirin təşkilatçılarına nüfuz gətirməyəcək. İstənilən halda siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycana qarşı bu cür təxribata yol verilməsi ictimaiyyətin hiddətinə səbəb olub. Ermənistan mətbuatının bu müraciəti əlində “bayraq” etməsi isə bu mənada diqqətdən yayına bilməz. Cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar müraciət müəlliflərini ölkə maraqlarını satmaqda, düşmən dəyirmanına su tökməkdə ittiham edirlər.Məsələ ilə bağlı açıqlama verən “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin sədri Nərgiz Kərimova hesab edir ki, belə bir bəyanat vermək üçün gərək ki, milli hisslərdən tamamilə uzaqda dayansan: “Eurovision”u siyasətə qatmaq olmaz. Əksinə biz hamımız əl-ələ verməliyik ki, bu ali musiqi yarışmasını yüksək səviyyədə təşkil edək. İstənilən halda hər bir Azərbaycan vətəndaşı üçün bu böyük bir uğur sayılmalıdır. Belə bir məqamda kimlərinsə Avropa Yayımları Birliyinə müraciət edərək, onları Azərbaycanda ali musiqi yarışmasının keçirilməsindən imtinaya çağırması yumşaq desək, başadüşülən deyil. Necə ola bilər ki, adını azərbaycanlı qoyub, bu cür müraciət ünvanlayasan”.