New Baku Post: Çapalayan Ermənistan

SİYASƏT
14:52 20.11.2013
1337
Ermənistanın sabiq daxili işlər naziri Aşot Manuçaryan bəyan edib ki, “bataqlıq”dan çıxmaq üçün ölkəyə praqmatik addımlar lazımdır. Əslində, bu fikir yeni deyil. Lakin Ermənistanın faciəsi odur ki, Azərbaycanın 20% ərazisini işğal altında saxlamaqla öz-özünü saldığı “bataqlıq”dan çıxa bilməyəcəyini anlamır.
İşğalçı dövlət günahlandırılır
Atəşkəs barədə razılıq əldə edilməsindən təxminən 20 il keçməsinə baxmayaraq, dünyanın heç bir ölkəsi Dağlıq Qarabağı müstəqil subyekt kimi tanımır. Ermənistan özü belə, bu addımı atmağa cürət etmir. Ötən həftə “İrs” fraksiyasının deputatı Zarui Postancyan Ermənistan parlamentinin müzakirəsinə “Dağlıq Qarabağın tanınması barədə qanun layihəsi” təqdim etdi. Amma məsələ heç ciddi şəkildə müzakirə də olunmadı – sənədin lehinə cəmi 10 deputatın səs verməsi öz-özlüyündə çox mətləblərdən xəbər verir.
Ermənistan bütün dünya tərəfindən işğalçı dövlət kimi tanınır. Avropa parlamentinin oktyabr ayında keçirilmiş plenar sessiyasında Avropa qonşuluğu siyasəti üzrə qətnamə layihəsi qəbul olunub. Sənəddə 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və 10 iyul 2009-cu ildə qəbul olunmuş ATƏT-in Minsk qrupunun baza prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyi bir daha vurğulanıb. Lakin həmin qətnamədə ilk dəfə qeyd olunub ki, Ermənistan-Azərbaycan münaqişəsi BMT TŞ-nin qərarlarına uyğun həll edilməlidir. Sözügedən sənədə əsasən, işğalçı qüvvələr Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxmalı, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı təmin olunmalıdır.
Bu, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinin, beynəlxalq hüquqi normaları pozmasının, BMT TŞ-nin qətnamələrinə, həmçinin digər nüfuzlu beynəlxalq təşkilatların tələblərinə məhəl qoymamasının növbəti təsdiqi, eləcə də Ermənistanın işğalçı ölkə kimi tanınmasının göstəricisidir.
Nə demokratiya, nə müstəqillik
Ermənistan demokratik dövlətdirmi? Xeyr. Bu il yanvarın 31-də İrəvanın mərkəzində Ermənistan prezidentliyinə namizəd Paruyra Ayrikyana sui-qəsd oldu. Elə tək bu fakt göstərir ki, Ermənistanı cinayətkar klan idarə edir. Cinayətkar-oliqarx klanın başında isə Ermənistan prezidenti Serj Sarkisyan özü durur. Onun sonuncu “qələbəsi” seçki saxtakarlığı, seçicilərin pulla alınması, qorxudulması yolu ilə başa gəldi. Təbii ki, seçkilərdə S.Sarkisyanın əsas rəqibi “İrs” Partiyasının lideri Raffi Ovannisyan “qələbə”ni tanımadı.
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın lideri olduğu Milli Konqres, İnqilabi Federasiya partiyası “Daşnaksütun”, həmçinin xeyli müxalif qüvvə də onunla həmfikir oldu. Qısası, S.Sarkisyan legitimliyi olmayan prezidentdir.
Digər ciddi məqam deputat Z.Postancyanın prezidentə kazinoda 70 milyon avro uduzub-uduzmaması ilə bağlı sual verməsidir – özü də harada, Avropa Şurası Parlament Assambleyasında. Sual kifayət etdi ki, Postancyan Ermənistanın AŞPA-dakı nümayəndə heyətindən çıxarılsın. Hakim Ermənistan Respublikaçılar partiyasının üzvü, idman və gənclər nazirinin müavini Xaçik Asryan isə deyib ki, onu diri-diri yandırmaq lazımdır.
Bütün bunlar ondan xəbər verir ki, Ermənistanı barbar düşüncəli adamlar qəsb edib. Bax, budur müstəqil Ermənistanın “nailiyyəti”. Əslində “müstəqil” sözü məcazi məna daşıyır, çünki ölkə müstəqilliyin bütün elementlərindən məhrum vəziyyətdədir. Təsadüfi deyil ki, rusiyalı politoloqlar Ermənistanı Rusiyanın Qafqazdakı “forpost”u adlandırır və hətta ölkənin statusunu Rusiyanın Kalininqrad vilayəti ilə müqayisə edirlər. Maraqlıdır ki, rəsmi İrəvan bu müqayisəyə bir dəfə də olsa etiraz etməyib!
Emiqrasiya yox,evakuasiya!
İşğalçı dövlət kimi tanınması, ölkədə demokratiyanın yoxluğu və reallıqda müstəqil olmaması bir yana, Ermənistan həmçinin sosial-iqtisadi problemlər içində çapalayır. Orta aylıq əməkhaqqı, təqaüdlərin məbləği normal standartlardan qat-qat aşağıdır. Ölkənin hər üç vətəndaşından biri yoxsulluq həddində yaşayır, işsizlik ən yüksək səviyyədədir, Ermənistan iqtisadiyyatına yatırılan investisiyanın həcmi 64% azalıb, xarici borcların həcmi isə kritik həddə, ÜDM-in 50%-ə çatıb.
Belə ağır sosial-iqtisadi şərtlər və gələcəyə ümidin olmaması demoqrafik problemləri də dərinləşdirir. Doğulanlarla ölənlərin say nisbəti ikincilərin artımı ilə müşayiət olunur. Hər il 40-50 min vətəndaş Ermənistanı həmişəlik tərk edir. Erməni ekspertlərin hesablamalarına görə, 10 ildən sonra ölkədə ən yaxşı halda 2 milyon insan qalacaq. Əhalinin ölkəni kütləvi şəkildə tərk etməsi isə artıq emiqrasiya yox, evakuasiyadır.
Bu, Ermənistanda yürüdülən siyasətin məntiqi nəticəsidir. O siyasətin ki, ölkəni “bataqlığa” sürükləyib. Elə bir bataqlığa ki, çapalamaqla oradan çıxmaq xeyli müşküldür...New Baku Post

OXŞAR XƏBƏRLƏR