“Biz burada əsasən vətəndaşlarımızın hüquqlarının qorunmasına çalışmalıyıq”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Vahid Əhmədov Bakı Metropoliteninin keçidlərində olan köşklərin sökülməsi ilə bağlı sözügedən qurumun mövqeyini şərh edərkən bildirib. O, bu köşklərdə biznes fəaliyyəti ilə məşğul olan şəxslərə yeni iş yerlərinin tapılmasında dövlətin köməklik etməli olduğunu qeyd edib:
“Bu məsələ çoxdandır ki, gündəmdə idi. Məsələ burasındadır ki, biz burada əsasən vətəndaşlarımızın hüquqlarının qorunmasına çalışmalıyıq. Yəni öz biznesini inkişaf etdirmək üçün insanlar banklardan külli miqdarda kreditlər götürüblər. Həm onlara bu kreditlərin ödənilməsində yardımçı olmaq, həm də yeni iş yerləri ilə təmin olunmaları üçün köməklik etmək lazımdır. Bu zaman narazılığa heç bir əsas qalmayacaq. Digər bir tərəfdən isə, metropolitendə olan köşlərin yığışdırılması metrodan istifadə edən insanların rahatlığı üçün çox vacibdir”.
Xatırladaq ki, ötən gündən başlayaraq Bakı metrosunda ticarət obyektlərinin söküntüsünə başlanılıb. Artıq “Gənclik”, “Nəriman Nərimanov”, “Koroğlu” stansiyalarında fəaliyyət göstərən satış obyektlərinin açılmasına icazə verilməyib. Buna görə də obyekt sahibləri metronun “Elmlər Akademiyası” yaxınlığında yerləşən baş idarəsi qarşısında aksiya keçiriblər. Onlar obyektlərinin heç bir xəbərdarlıq edilmədən, əsas göstərilmədən bağlanmasına etiraz ediblər.
Ötən gün axşam saatlarında isə, metropolitendən mətbuata məsələ ilə bağlı açıqlama verilib. Açıqlamada "Bakı Metropoliteni" QSC metropoliten ərazisində ticarətlə məşğul olan şəxslərlə icarə müqavilələrini uzatmayacağı bildirilib.
Əfsələddin Ağalarov