“Eurovision-2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal bu gün qalibiyyətdən sonra ilk solo klipini təqdim edib. “Crush on your” mahnısına çəkilmiş klipin xüsusi təqdimat mərasimi keçirib. Klip müğənninin prodüseri, bəstəkar İsa Məlikovun musiqisinə çəkilib. Mahnının sözləri isə “Eurovision-2010” milli seçim turunun iştirakçısı, Almaniyada yaşayan vokal ifaçısı Elliyə aiddir. Mahnıda Azərbaycanın milli musiqi alətləri - zərb və balabandan istifadə edilib. Dinləyicilər tərəfindən potensial hit kimi dəyərləndirilən mahnı Nigar Camalın yaxın zamanda işıq üzü görəcəyi debüt albomunda yer alacaq. Tədbirdə klip haqqında ətraflı məlumat verildikdən sonra, ekran işi jurnalistlər üçün nümayiş olundu. Mətbuat nümayəndələrinin heyranlıqla izlədiyi klip Azərbaycan şou-biznesində bir yenilik kimi qəbul olundu. Simaca dünya şöhrətli ulduz Cenifer Lopesə bənzədilən Nigar Camal, klip boyu həm onu, həm də Beyonsu xatırladırdı. Jurnalistlər bu məqama toxunduqda Nigar bu bənzərlikdən heç də məyus olmadığını, adı çəkilən ulduzları çox sevdiyini bildirdi. Klipin büdcəsi açıqlanmadı. Klipin rejissoru Rusiyada və Ukraynada çox məşhur olan Aleksey Lamax klipə çəkilən xərcin özünü doğrultduğunu bildirməklə kifayətləndi. “Crush on your” videoklipinin çəkilişləri Rusiyada və Ukraynada aparılıb. Klip Kiyev yaxınlığında yerləşən qotik üslublu bir qəsrdə çəkilib. Çəkilişin operatoru Sergey Banderasdır. Sözügedən klip Azərbaycan şou-biznesində “ARRİ Alexa” kinokamerasına çəkilən ilk ekran işidir. Qeyd edək ki, bütün sonuncu Hollivud yenilikləri və Beyons, Rihanna və Cenifer Lopes kimi dünya şöhrətli ulduzların klipləri məhz bu kamera ilə çəkilir. “Crush on your” klipinin çəkiliş prosesinin icraçı prodüseri Olqa Danyukovadır. Klipdə Nigar Camalla yanaşı dünyaca populyar musiqiçi və MDB ölkələrində də məşhur olan “Digi Digi” meqa-hitinin ifaçısı İnusa Davuda da çəkilib. Videoklipdə rəqslərin icrası Rusiyada və Ukraynada məşhur olan “A6” şou-baletinin rəhbəri Andrey Yeremin tərəfindən həyata keçirilib. “A6” şou-baletinin rəqs kollektivi də klipin çəkilişlərində iştirak edib. Nigar Camalın klipdəki stil və görkəmləri “Avenue” butikinin dəstəyi ilə Azərbaycanın top stilisti Anar Ağakişiyev tərəfindən həyata keçirilib. “Crush on your” klipinin Rusiya və Ukrayna ilə yanaşı, Avropada yayımlanması nəzərdə tutulub.