“Ancaq ortada nə bir sanksiya var, nə də Ermənistana qarşı hansısa bir təzyiq”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq siyasəti üzrə qətnamə layihəsinə münasibət bildirərkən deyib.
Millət vəkili vurğulayıb ki, Avropa Parlamenti Ermənistana qarşı təzyiqləri daha da artırmalıdır:
“Elə bir təsəvvür yaranır ki, Ermənistan Avropa Tərəfdaşlıq proqramından üz döndərib və Gömrük İttifaqına üzv olub. Ermənistana yaxın olan dairələr isə bundan istifadə edərək digər ölkələri də bu prosesə qoşmaq istəyirlər. Söhbət GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) ölkələrindən gedir. Əslində Azərbaycan Şərq Tərəfdaşlıq Təşkilatında öz işini davam etdirməli və Azərbaycanın Avrointeqrasiya prosesini gücləndirməlidir. Amma maraqlı olan fakt isə, 20 ildir BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlıqətnamələrinin həyata keçirilməsi üçün heç bir sanksiyaların tədbiq olunmamasıdır. Niyə Avropa Parlamenti bununla bağlı iş görmür? Əslində Avropa Parlamenti bununla bağlı Ermənistana qarşı sanksiyalar tədbiq etməli və tutarlı bir iş görməlidir. Ancaq ortada nə sanksiya var, nə də Ermənistana qarşı hansısa bir təzyiq”.
Xatırladaq ki, oktyabrın 23-də Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq siyasəti üzrə qətnamə layihəsi qəbul edilib. Qətnamənin 16-cı paraqrafında Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsinin Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulması olduğu barədə mövqeyi xatırladılıb və bu xüsusda, Dağlıq Qarabağ münaqişəsinin həllinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi və 10 iyul 2009-cu il tarixli L’Aquila birgə bəyanatında ehtiva olunan ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb.
AP tərəfindən qəbul edilmiş bu qətnamədə ilk dəfə olaraq işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, habelə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğu qeyd edilib.
Əfsələddin Ağalarov