"Məktəbli formalarına keçid yeni bir hadisə deyil və Azərbaycan məktəbinin də bu sahədə çox böyük təcrübəsi var. Amma təəssüf ki, hərdən bu təcrübə unudulur, yaddan çıxarılır. Bu da məktəbimiz, təhsilimiz, pedaqogikamız və ümumilikdə cəmiyyətimiz üçün ciddi problemlər yaradır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında akademik, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov bildirib.
O deyib ki, sosial bərabərsizliyin həlli təhsil ocaqlarında məktəbli formalarının standartlaşdırılmasıdır:
"Son zamanlar qızların hicabla orta məktəbə getməsi ilə bağlı çox ciddi problemlər ortaya çıxıb. Təbii ki, bu problemləri hökumətimiz həll etməlidir. Bunun ən rahat yolu orta məktəblərdə geyimin, yəni məktəbli formasının standartlaşdırılmasıdır. Bu, yalnız dini nöqteyi-nəzərdən deyil, sosial nöqteyi-nəzərdən də vacibdir. Çünki məktəblərimizdə şəxsiyyəti və dünyagörüşü hələ formalaşmamış, bir vətəndaş kimi hələ yetişməmiş yeniyetmələr hicab örtməyə və məktəbə hicabla gəlməyə məcbur edilməməlidirlər. Bu, onların yalnız bu gününə deyil, gələcəyinə də təsir edir”.
N.Cəfərov vurğulayıb ki, məktəbli formaları təhsil ocaqlarında sosial bərabərsizliyi aradan qaldırır:
"Dünyəvi məktəblərdə bu məsələnin şagirdlərin sərbəst seçiminə buraxıldığı ölkələr var. Yəni şagirdlərə təzyiq göstərilmir. Şagirdin necə geyinməsi, necə oturub-durması, necə öyrənməsi və necə düşünməsi məktəbin səlahiyyətinə aiddir, valideynlərin yox. Çünki bu səlahiyyət valideynlərə veriləndə təkcə dini nöqteyi-nəzərdən deyil, başqa məsələlərlə bağlı da problemlər yaranır. Varlı və imkanlı valideyn övladını dəbdəbəli geyindirib məktəbə göndərir. Digər tərəfdə isə imkansız ailələr normal geyim tapa bilmir və şagird köhnə-köşkül geyimlə məktəbə gəlir. Bu, yaramır və məktəbə, təhsilə antipedaqoji təsir göstərir. Məktəbli formaları isə bu baxımdan bütün problemləri həll edir”.
Akademik vurğulayıb ki, məktəbdə kimsə özünü sosial və ya mənəvi baxımdan fərqli şəkildə göstərməməlidir:
"Məktəbli formaları ucuz olmalıdır. Onların təminatı hansısa bir biznes qurumunun öhdəsinə buraxılmamalıdır. Məktəbli formalarının şagirdlər və valideynlər üçün əlçatan olması da təmin edilməlidir. Çünki bəzən məktəbli formalarından imtina edilməsinin səbəbi onların baha olmasıdır. Bu məsələni də həll etmək lazımdır. Əsas məsələ Nazirlər Kabinetinin qərarıdır: hər halda, orta məktəb şagirdlərinin geyimi eyni olmalıdır. Burada kimsə özünü sosial və ya mənəvi baxımdan fərqli şəkildə göstərməməlidir. Bu, məktəb üçün çox dağıdıcı bir hadisədir”.
Şahanə Ziyad











































