Novruz gəlir, yaz gəlir - FOTOSESSİYA

Novruz gəlir, yaz gəlir -  FOTOSESSİYA
Bütün Xəbərlər
16:28 20.03.2014
2104
Bu gündən etibarən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Novruz bayramı ilə bağlı “I Beynəlxalq Novruz Festivalı” başlayıb.Ötən illərdən fərqli olaraq, bu il Novruz bayramı şənliklərində Azərbaycanla yanaşı, bu bayramı qeyd edən səkkiz ölkənin - Türkiyə, Rusiya, İran, Hindistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın nümayəndələri də iştirak edirlər.Eləcə də, İçərişəhərdə təşkil olunan "Meydan bazarı"ında müxtəlif rayonlardan gələn sənətkarlar öz əl işlərini nümayiş etdirirlər. Azərbaycan milli mətbəxinin yeməkləri, şirniyyatlar sərgilənir, milli musiqi səsləndirilir.Burada həmçinin böyük bayram konserti də qurulub. “I Beynəlxalq Novruz Festivalı” el şənliyi Qoşa Qala qapısından Qız qalasının qarşısına qədər olan ərazini əhatə edir və 4 gün davam edəcək.“I Beynəlxalq Novruz Festivalı” əcnəbi müsafirlərin ürəyincə olub. Onlar bahar bayramı münasibətilə təşkil edilən şənliyi böyük maraqla izləyiblər.Qeyd edək ki, “I Beynəlxalq Novruz Festivalı” martın 20-dən 23-nə kimi I Beynəlxalq Novruz Festivalının keçirilməsi nəzərdə tutulub.Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi "Meydan bazarı"nda hər bir ölkənin mədəniyyətini əks etdirən video-filmlər, milli-tətbiqi sənət məhsulları və süvenirlər sərgilənəcək.Novruz bayramı şənliklərində bir-birindən maraqlı çox sayda tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Hər gün səhər saatlarından pəhləvanlar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini daha da artıracaq.Rəngarəng konsert proqramında mahir ifaçıların çıxışında muğam və klassik musiqi, müxtəlif xalqların milli musiqiləri, müasir estrada və caz musiqisi səsləndiriləcək. Bununla yanaşı, festival çərçivəsində hər gün Qız Qalası meydanında pantomima ustaları, Əliağa Vahid meydanında isə "Muğam üçlüyü" çıxış edəcək.Böyük Qala küçəsi, 19 ünvanında yerləşən İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində onun tələbələrinin yaradıcılıq sərgisi keçiriləcək. Eyni zamanda, bayram günlərində Kiçik Qala küçəsi 13 ünvanında yerləşən "İncəsənət Qalası"nın qarşısında həmin Mərkəzin uşaqlar üçün yaradılmış xüsusi proqramı çərçivəsində "master-klass" təşkil olunacaq.Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı, 20-21 mart tarixlərində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da "Nağıl şəhərciyi" adlı Novruz şənliyi keçiriləcək. Rəngarəng konsert proqramı təşkil olunacaq, uşaqlar poni və uzunqulaqla gəzəcək, nağıl obrazları ilə canlı ünsiyyətdə olacaqlar. Eyni zamanda, qonaqlar milli sənət ustalarının iştirakı ilə Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, xınayaxdı mərasimi, xalça toxumaq kimi tədbirlərdə iştirak edə biləcəklər."Qala" Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar olaraq martın 20-21-də İçərişəhərdən, Qoşa Qala Qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.
OXŞAR XƏBƏRLƏR