Novruzda aidiyyatı qurumlar gücləndirilmiş iş rejimində işləyəcək
Bütün Xəbərlər
11:00 20.03.2014
765
Bayram günlərində əhalinin elektrik enerjisi ilə təminatında hər hansı problemin yaşanmaması üçün "Bakıelektrikşəbəkə" artıq ötən həftədən hazırlıq işlərinə başlayıb. Bu gün isə qurumun bütün əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Əhalinin artan tələbatini ödəmək üçün isə şəbəkədə işçilərin sayı da artırılıb. Bütün işçilər növbəlilik əsasında 24 saat ərzində briqada formasında fəaliyyət göstərəcək."Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev: “Əhalinin çox olduğu yerlərdə artıq avadanlıqlar yerləşdirilib. İşçilərin sayı artırılıb. Bir də biz əvvəlcədən artıq xəbərdarlıq etmişdik ki, borclu abonentlər borclarını ödəsinlər. Borclarını ödəyənlər var. Belə olan halda heç bir problem olmayacaq.”Bayram günlərində biş-düş edən xanımlar da narahat olmasınlar. "Azəriqaz" İstehsalat Birliyi də bu gündən ta martın 27-ə qədər gücləndirilmiş iş rejimində işləyəcək. Artıq Bakı və Bakı ətrafı qəsəbələrin mavi yanacaqla təmin edilməsinə nəzarət edən bütün qaz istismar sahələrinə bu haqda məlumat verilib. Məqsəd bayram günlərində əhalinin təhlükəsizliyinin təmin edilməsi və abonentlərin keyfiyyətli qazla təmin olunmasıdır."Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Araz Ağayev: “Növbəlilik prinsipi tətbiq olunacaq. Bütün yerlərimizdə, o cümlədən rayonlarda da artıq gücləndirilmiş iş rejiminə keçirilməsi ilə əlaqədar xəbərdarlıq edilib. Bayram günlərində əgər hər hansı bir problem olarsa, o zaman 185 saylı qaynar xəttimizə müraciət edə bilərlər".Təcili və təxirəsalımaz tibbi yardım stansiyası da artıq bir neçə gün bundan əvvəl gücləndirilmiş iş rejiminə keçib. Tam heyətlə işləyən tibbi personal çağırışlarla yanaşı Dənizkənarı milli parkın ərazisində də növbədə olacaqlar. Bayram gəzintisinə çıxan əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün artıq 4 həkim briqadası bulvar ərazisində iş başındadır.