Nureddin Mehdixanlı: "Gənc vaxtı sevməyənin ağlına da, şüuruna da şübhə edirəm" (MÜSAHİBƏ)

Nureddin Mehdixanlı: "Gənc vaxtı sevməyənin ağlına da, şüuruna da şübhə edirəm" (MÜSAHİBƏ)
GƏNCLİK
02:46 12.09.2011
6562
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Nurəddin Mehdixanlının AZXEBER.COM-a müsahibəsi 

- Sizcə Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı gənclərimizə nə kimi töhfələr verəcək?

- Bu festival sənətə gəlmək istəyən gənclərin bir yerə toplanması üçün faydalıdır. Demirəm ki, həmin anda inqilab olacaq. Bunun üçün zaman lazımdır, təcrübə lazımdır. Bu kimi festivalların olması çox müsbət haldır. Mən çox istərdim ki, belə festivalları Teatr Xadimləri İttifaqı ildə ən azından iki dəfə təşkil etsin. Gənclər bir-birlərini görsünlər, tanısınlar, belə deyək, özlərinə hesabat versinlər. - Peşəkar bir aktyor kimi sizcə nəyə gənc ssenaristlərimiz, gənc rejissorlarımızın azdır?- İstedadlar heç vaxt çox olmur. Gedib hər yeri qazarsan yerdən dəmir çıxar, mis çıxar. Amma hər yerdən qızıl çıxmaz. O qızılı əldə eləmək üçün çox böyük əziyyətlər çəkilir. Pullar-paralar xərclənir. İstedad da elədir. Az-az tapılır. Mən istərdim ki, istedadlı gənclərimiz, ssenaristlərimiz, rejissorlarımız, dramaturqlarımız çox olsun. Tarixə nəzər salaq. Son yüz ildə neçə böyük rejissor olub ki?! Beş-altı nəfər, o vaxtki SSRİ çapında tanınıb. Buna görə də istedadlı gənclərin az olması normal haldır.- Bəs niyə gənclərimiz vətənpərvərlik mövzusundan daha çox sevgi-məhəbbət mövzusunda kitablara, kinolara üstünlük verirlər?-Gənclik sevgi ilə xəstələnmədən həyatı və dünyanı dərk edə bilməz. Çünki sevgi deyilən şey insan ömründə elə bir mərhələdir ki, gənclikdə yaşanır. Bu insanda müsbət hisslərin yaranmasına gətirib çıxarır. Gənc vaxtı sevməyənin ağlına da, şüuruna da şübhə edirəm. Ona görə də qoy yazsınlar. Ümumiyyətlə, sevgi hissini yaşamadan vətənpərvər olmaq da mümkün deyil. Vətənpərvər olmaq vətəni sevməkdir. Sevgi hissini bilməyən insan vətənini də sevə bilməz. Çünki bunlar bütövdür, bir yerdədir. - Niyə son zamanlar seriallara teatrdan daha çox üstünlük verilir?

-Belə deyək, təsəvvür edin küçə ilə gedirik. Yolda iki qadın gedir. Biri gözəl, amma abırlı-həyalı geyinib. Bir də ki, vulqar, açıq-saçıq geyinən xanımdır. Onlardan hansı diqqəti daha çox çəkir? Vulqarı, açıq-saçıq olan... Hal-hazırda teatrla serial arasında vəziyyət də belədir. Əgər indi seriallar diqqəti çəkirsə, bu o demək deyil ki, serial teatrdan üstündür. Serial və ya tamaşaya daha çox tamaşaçının gəlməsi hələ o demək deyil ki, o yaxşıdır. Tamaşaçının intellekt səviyyəsini də nəzərə almaq lazımdır. Tamaşanı yaxşı dəyərləndirməkdən ötrü tamaşaçıya da müəyyən hazırlıq lazımdır. Toyxanalarada, küçələrdə, avtobuslarda, orda-burda o qədər mahnılar, müğənnilər var ki, lakin yadda qalırmı? Xeyr. Məsələn bayaq radioya qulaq asıram adını bilmədiyim bir müğənni oxuyur: “Olmadın anama gəlin, indi yan tökül”.

Başa düşə bilmədim ki, bu nə mahnıdır, bu nə sevgidir? Buna indi küçədə, bazarda, yolda, avtobusda qulaq asan var. Amma sənət nümunəsi deyil. Məsələn Akif İslamzadənin oxuduğu “Sarı gəlin” mahnısını kim təkrar edə bilər? Və ya Flora Kərimovanı, Alim Qasımovu kim təkrar edəcək? Oxuyan çoxdur amma Alim Qasımov, Flora Kərimova təkdir.

- Belə çıxır ki, günahkar tamaşaçılardır? - Yaxşı tamaşanın həmişə yaxşı tamaşaçısı var. Serialları inkar etmirəm, gənclər üçün xeyirlidir, təcrübədir. Potensialı ortaya çıxarmaq üçün gözəl vasitədir. Amma Azərbaycanda yox. Türkiyədə olan seriallar həm də bir sənət əsəridir. Bizdəki isə yox. Ona görə ki, bu ərəb əlifbasını oxuya bilməyən insanın Quranı oxuması kimidir. Kiril əlifbası ilə oxuyacaq. Bizim seriallar da ona bənzəyir. Kinodan, serialdan, kameradan başı çıxmayanlar pulu var deyə serial çəkir. Dayısını, əmisini, sevgilisini gətirir oyunçular kimi. Amma Azərbaycan tamaşaçısı çıxışı bizim milli seriallarda görməlidir. Bunun üçün iş adamları da maliyyə ayırmalıdır, yardım etməlidir. Hər şeyi dövlətdən gözləmək də olmaz. Prosesi aktivləşdirmək üçün televiziya kanalları da iş görməlidir.Ülkər Eldarqızı
OXŞAR XƏBƏRLƏR