“NZ” namizəd

“NZ” namizəd
Bütün Xəbərlər
14:42 24.08.2013
883
Elşən Musayev
Azərbaycan siyasətində baş verən proseslər elə bir mərhələyə gəlib ki, artıq onun timsalında mülahizələrdən, çatılması mümkün və ya qeyri-mümkün olan nəticələrdən deyil, dolğun bir məntiqin gərəkdirdiyi axından danışmağa məcburuq.
Bəzən nəzərə aldığımız, bəzənsə ala bilmədiyimiz gedişatı izləməyə məcburuq.
Və ya belə deyək, proqnozlar, reallıqlar, ehtimallar qalıb bir yanda, ortalıq tam başqa bir fona və tabloya hakim kəsilib.
Azərbaycan siyasətində analoqu olmayan 20 illik bir ənənə, estafet davam edir. Həm o tərəfdən, həm bu tərəfdən. Hətta qələbələrin və məğlubiyyətlərin də praporsiyası eyni qaydada bölünüb, tənzimlənib.
Yenə də o tərəfli və bu tərəfli. Eyni zamanda ortalıqda bəlli bir dinamika var - hansı ki onu pozmaq, dəyişdirmək və ya ümumiyyətlə, Azərbaycan siyasətinə təsir etmək - bizə qaşı olan qüvvələrin istedadının tamamilə fövqündədir. Və nəhayət, sadə bir dillə desək, hər şey elə təxmin etdiyimiz kimi gedir, hətta bəzən təxminlərimizi belə üstələyir.
Amma reallıq bundan ibarətdir ki, qaliblər heç bir zaman oyun qaydasını dəyişmirlər. Əsl dəyişilməsi gərəkənlər məğlublardır. Onların da Azərbaycan siyasətinə aid olan bölümü bu reallığı dərk etmək və ortalıqda dövr edən bəlli prosesləri dəyərləndirmək imkanından, gücündən məhrumdurlar.
Əslində haqqında danışdığım prosesin gedişatı 1993-cü ildən başlayıb. O vaxt dahi lider, böyük öndər Heydər Əliyev var idi. Hansı ki bir tək Azərbaycan xalqını deyil, elə həmin müxalifətin özünü də dərin bir böhrandan və bataqlıqdan xilas etdi, çıxardı.
Daha sonra 1998-ci ilin “vahid namizəd” kritikası - amma bir məsələyə xüsusilə toxunmaq şərtilə: O vaxt İsa Qəmbər öz müəllimi və bu gün məzarı önündə baş əyib öndərim dediyi Elçibəyin vahid namizədliyini birmənalı şəkildə pozdu.
Qətiyyətlə ona qarşı çıxdı. Hansı ki, bu gün sıradan bir diletantın - İbrahimbəyovun namizədliyini son dərəcə böyük bir şövqlə müdafiə edir. Daha sonra 2003-cü ilin növbəti fiaskosu, 2008-uğursuz baykotu... Və nəhayət, bu gün!
Aləm dəyib bir-birinə. İndi də Cəmil Həsənlini önə veriblər. Hərçənd, ortada yenə bəlli bir yəqinlik, müəyyənlik yoxdur. Çünki adamın adını “ehtiyat vahid namizəd” qoyublar!
Və ya İbrahimbəyov əsas namizəd statusunu hələ itirməyib. Yaxşı bəs belə olan halda Azərbaycan xalqı neyləsin? Bunların yerinə qərarmı versin? Hər halda İbrahimbəyov bizim deyil, onların ortaya çıxardığı, yetişdirdiyi məhsuldur. Və həmin məhsuldan 75 yaşında bar gözləyirdilər, ondan 35 yaşında bir insanın enerjisini, cəsarətini, qəhrəmanlığını gözləyirdilər. Axırı da bu!
Adam özündən deyən siyasətçiləri sözün bütün mənalarında barmağına doladı. Öz pasportu yox ikən, bütün pasportluları bir xurcuna yığıb, ürəyi istədiyi yerə qədər daşıdı, yönləndirdi, istiqamətləndirdi. Və deyim ki, elə yaxşı da elədi. Necə deyərlər, dinsizin öhdəsindən imansız gələr!
“Yeni Müsavat” qəzeti hələ ta əvvəldən iddia edirdi ki, böyük ehtimalla Milli Şuranın ehtiyat vahid namizədi - bunun özü ümumiyyətlə nə deməkdir, hələ anlaşılan deyil - Cəmil Həsənli olacaq. Hərçənd bu adam çoxdan məsələ ilə bağlı öz qəti qərarını bildirmişdi: Mən olmaq istəmirəm!
Amma yox, bunlar dirəşdi ki, elə şey-zad yoxdur, elə sən olacaqsan. Qısaca, qocaman tarixçini öz oyunlarına gətirmək üçün hər şey etdilər və nəticəyə də vardılar. Hətta daha əvvəl İbrahimbəyov da Cəmil Həsənli ilə bağlı məsələyə münasibət bildirərkən incə bir eyham vurmuşdu ki, əvəzimdə həmin insan olsa çox sevinərəm!
Əvvəla ondan başlayaq ki, söhbət hansı əvəzdən gedir? Və ya sən hansı yolu başladın, hansı istiqaməti verdin, hansı fədakarlıqları elədin ki, sənin hələ bir əvəzin də olsun?
Ortalıqda çox maraqlı bir məqam daha var: Elə bil bu şuranın namizədləri üçün müəyyən bir qəlib tikilib. Bəlli bir parametrlər var: Onlar mütləq siyasətdən uzaq bir sahənin adamı olmalı, hakimiyyətdən incik düşməli, eyni zamanda qisas, kin, nifrət hissi ilə alışıb yanmalıdır.
Və ya bir ssenari ki, havadarların diktəsi ilə İbrahimbəyov tərəfindən yazıla, o zaman məntiqlə baş qəhrəman da elə Cəmil Həsənli kimi biri olmalı idi, deyilmi?
İbrahimbəyov Milli Şura sədri və vahid namizəd olanda çox sevinirdi. Çünki bir anlıq da olsa özünü başbilən, eyni zamanda siyasi partiya rəhbərlərinə göstəriş verən biri kimi hiss elədi.
Həmin əhval-ruhiyyə bir də o vaxt yetişdi ki, artıq üzərinə götürdüyü, daha doğrusu, götürə bilmədiyi missiyanın fərqinə vardı və belə deyək, bu boyunduruqdan xilas olmağa çalışdı. Çünki Rusiya vətəndaşlığından məhrum olunmaqla bu ölkədə çox şey itirəcəyindən qorxdu. İndi də bu missiyanı Cəmil Həsənliyə ötürməklə rahat nəfəs almağa çalışır...
Cəmil bəy isə, çox güman hansı bataqlığın astanasında olduğundan, ahıl çağında hansı oyuna gəldiyindən xəbərsizdir hələ ...
OXŞAR XƏBƏRLƏR