Əfsələddin Ağalarov
İndi qulağımıza nə güllə səsləri gəlir, nə də gözümüzə şəhidlərin bayrağa bürünmüş tabutları görünür. Deyəsən, sevgilisinin yolunu gözləyən, amma qara xəbərini alan o qız da kiriyib. Son mesajına baxıb doyunca hönkürən həmin qızı deyirəm. Ətrafındakı insanların reallığı ona anlatmasından sonra tükənib gözündəki yaş da. Nə etmək olar? Axı həyat təkcə sevgidən ibarət deyil. Axı həyat həm də yenidən sevə bilmək deməkdi.
Düzü, indi nə yazırsan yaz, adama boşboğazlıq kimi gəlir. Deyingənlik, qeybətcillik kimi görünür. Həyat isə davam edir amma. Çox da uzaqda yox, elə burada - bizim özümüzdə davam edir. Gözümüzə o deputatlar da dəymir. Şəhid övladının köksünə qəhrəmanlıq medalını efirlərə düşmək üçün, insanlara bu uşağa guya hamıdan daha çox can yandırdığını göstərmək üçün taxan o deputatları, məmurları deyirəm.
Onlar o uşaqların başını sığallayarkən yadıma gördüyüm, şahidi olduğum bir hadisə düşdü. Bir əlini anasına uzadan, digər əli ilə şikəst atasından yapışan o balaca qızcığazı gördüyüm gün bir neçə il bundan öncəyə təsadüf edir. Günəş şüaları ay parçası kimi üzünə dəydikçə, gözlərini qıyırdı. Uşağının bəyənmədiyi paltarı çölə atmağa heyfslənən bir qadının səvab qazanmaq üçün ona verdiyi güllü donu geyinmişdi həmin gün. Hörülmüş saçlarının üstünə qırmızı kəpənəkli “broşka” vurmuşdu anası. Hər dəfəsində onun yerə düşüb itməsindən qorxurdu elə bil, əlini tez-tez saçlarına aparırdı. Gözünə düşən qızmar günəş şüalarından narahat olsa da, üzü gülürdü. Ağzıaçıq qırmızı çantasının içində başı çöldə qalan sarısaç gəlinciyinə baxmaqdan doymurdu.
O gün onun ailəsi də sırada dayanmışdı. Bu nə çörək, nə də yardım növbəsi idi. Bu sırada dayananlar aylardır rayona ayaq basmayan deputatı gözləyirdilər. Qızcığaz icra hakimiyyətinin qabağına yığılıb deputatdan kömək diləyən insanlar arasında nöqtə boyda görünürdü.
Bir neçə saatdan sonra bu yerlərə uzun müddətdi ayaq basmayan deputat “hər şey həll olunacaq” deyib camaatın içindən keçərək cəld kondisionerli avtomobilinə təpildi. Üstündən gələn kababın qoxusu adamın burnunu deşirdi. Avtomobilin arxa oturacağına əyləşib əli ilə sürcüyə əmr verdi: “gedək”. Bir neçə saniyə sonra geriyə qulaqbatıran uğultu səsi, neft qoxuyan qara tüstü və bir göz qırpımında gözdən itən avtomobilin təkərlərinin yerdə çəkdiyi qara iz qaldı. Qızcığaz təəccüb dolu baxışları ilə sürətlə gözdən itən avtomobili izlədi...
Bu hadisə düşdü yadıma. O qızcığazın atasını bu günümüzdən 25 il ayırır. Məkan yenə Qarabağ idi. Düşmən də dəyişməmişdi. Ermənilərlə savaşda ayağının birini qurban vermişdi onun atası. Amma bir harınlamış deputatın həlli sadə olan problemə biganə yanaşması ilə bütün ürəyindəki “kaş ki”lər hər gün daha da böyüyür, boy atırdı. Üç günlük müharibədən sonra o qızcığazın atasının yaşadıqları gözümün önünə gəldi. O gündən ürəyimə bir qorxu düşüb. Görəsən bu gün dünyaya gələn bir gəncdəmi 25 il sonra belə bir hadisəylə qarşılaşacaqmı? O da bu müharibədə 700 balla universitetə daxil olan şəhid Müşfiqin atasının qapısında üzgün görkəm almağa çalışan deputatın 20 il sonrakı biganəliyini görüb üzüləcəkmi? Və ya, bu müharibədə öz qazi atasının əlindən tutan o balaca qızcığaz da sabah özü kimi çarəsiz uşaqları görüb qələmə üz tutacaq, eynilə belə bir yazı yazacaqmı? Bilmirəm, bəlkə də belə olmayacaq.
Əminəm ki, Müşfiq və onun kimi bu müharibədə canını torpağa tapşıran o igidlərin hər birinin ailəsi bundan sonra böyük qayğı içində yaşayacaqlar. Ən azından ümid edirəm ki, Müşfiqin ailəsi bu gün tör-tüküntü içində olan darısqal yataqxana otağında deyil, sabah daha böyük bir mənzildə balaca Müşfiqi oynadacaq, nəvələrinin gülüşü ilə onun yoxluğunu bir az da kiridəcək. Və ona da ümid edirəm ki, 25 il sonra bir gənc jurnalist belə bir xəbərə müəlliflik edəcək: “2016-cı il aprelin 4-də şəhid olan Müşfiq Orucovun adını daşıyan Müşfiq bu gün rahat bir mənzildə dərslərini oxuyub 700 balla Şuşa Dövlət Universitetinə qəbul olundu…”