"Oğlum dünyasını dəyişəndə yanında idim" - Asif Kərimov

"Oğlum dünyasını dəyişəndə yanında idim" - Asif Kərimov
Bütün Xəbərlər
12:28 09.09.2014
1444
İki gün öncə Azərbaycanda prodüser məktəbinin yaradıcılarından olan Asif Kərimovun oğlu Cavidan dünyasını dəyişdi. Təbii ki, belə bir məqamda övladını itirmiş atayla danışmaq asan deyildi…
- Asif müəllim, Cavidanın neçə yaşı var idi?
- İki gün əvvəl 18 yaşı tamam olmuşdu.
- Bu, onda anadangəlmə xəstəlik idi?
-Yox, 6 yaşından sonra başladı.
- Həkim məsuliyyətsizliyindən yaranan bir xəstəlik idi?
- Yox, Cavidanda miapatiya idi. Bu, genetik xəstəlikdir.
- Yəni çarəsi yox idi…
- Bu gün elm o xəstəliyin çarəsini tapmayıb.
- Başqa övladınız var?
- Bir qızım var.
- Bu günlərdə kimlərin dəstəyini hiss elədiniz?
- Bütün dostlarım, qohumlarım, qardaşlarım dəstək olublar. Hamısı sağ olsunlar.
- Dünyasını dəyişəndə Cavidanın yanında idiniz?
- İşdəydim. Zəng vurdular. Beş dəqiqəyə evə çatdım. Dünyasını dəyişəndə yanında oldum. Mən onu Tibetə, Pekinə qədər aparmışdım. Ondan sonra oradan həkimlər gətirib bir il burada müalicə etdirmişəm.
- Təhsil alırdı?
- İkinci sinfə qədər yeriyirdi, ondan sonra iki il qucağımda məktəbə aparıb-gətirmişəm. Dördüncü sinifdən sonra da müəllimlər evə gəliblər. Bunu həmişə içimdə saxlamışam, heç kimə bildirmək istəməmişəm. Hərənin öz dərdi özünə bəsdir. Amma sağ olsunlar dostlarım, yaxınlarım, dünəndən burada - Şamaxıda mənim yanımdadırlar. Belə uşaqların əqli imkanı adi adamlardan iki dəfə artıq olur. Onlar çox ağıllı və savadlı olurlar. Belə övladı olan valideynlər heç vaxt onları evdə gizlətməsinlər. Adamlar tanıyıram ki, xəstə uşaqlarını evdə gizlədirlər. Mən onu bütün yerlərə - qonaqlıqlara, parklara, restorana, hər yerə aparmışam. Bu, onlara psixoloji təsir edir. Onları cəmiyyətə qoşmaq lazımdır.
- Hər halda, ürəyiniz bu baxımdan rahatdır…
- Ürəyim rahatdır ki, yenə də bacardığımı elədim. Mən demirəm ki, hamı Tibetə aparsın. Düzdür, Tibetə aparmağımın xeyri olmayıb. Bir xeyri olub ki, ağrıları az idi. Onların xəstə olmaları öz günahları deyil. Allah belə şeylərlə hamımızı sınağa çəkir və onlara göstərdiyimiz diqqətə görə bizə öz qiymətini verəcək. Onların hər şeydə haqqı var.
publika.az
OXŞAR XƏBƏRLƏR