Azərbaycan KİV-lərində uşaq hüquqlarının qorunmsı ilə bağlı ciddi problemlər var
“… rayonda 15 yaşlı qızın zorlanması…”Üç nöqtə yerində rayonun adını çəkməklə saytlardan biri qurban haqqında həyat hekaysiə təqdim edib. Yazıda oxuyuruq: “3 yaş böyük olan qardaşı T. N. hamamda çimərkən onu zorlayır. Qardaşı onu öldürəcəyi ilə hədələdiyindən qızcığaz qorxusundan bu barədə heç kimə bir söz demir. T. N. hərbi xidmətə yollananadək bacısını bir neçə dəfə zorlayır. Qardaşından canını təzəcə qurtarmış 15 yaşlı qız sonra da atası Z.N-nın hədəfinə çevirilir... Bir neçə müddət sonra Z. N.-nin həbsdə olan qardaşı R. N. azadlığa çıxır və onlara gəlir... Qardaşının rayon mərkəzinə getdiyini bilən R. N. fürsətdən istifadə edərək, qardaşı qızını yatdığı yerdəcə zorlayır”.Müəllif qurbanın adını, yerini deməkdən, hətta ibtidai və məhkəmə istintaqlarına aid olan intim məlumatları detallarıyla oxucu auditoriyasına çatdırmaqdan çəkinmir. Təəssüf ki, bu vəziyyət təkcə həmin portallara aid deyil. Azərbaycan mediasında belə yazılar ayaq tutub yeriyir.Günahsız uşaqların qənimiUşaq psixologiyasına reytinq xatirinə zədə
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ailə problemlərinə həsr olunmuş verilişlərdə uşaqların efirə çıxarılmasına qadağa qoyulmasını tələb edir: "Ailə problemlərinin azyaşlıların iştirakı ilə müzakirə edilməsi onların psixoloji travma alması ilə nəticələnir. Uşaqlar valideynləri arasındakı münaqişələrin iştirakçısına çevrilirlər”.Kəmalə Ağazadə "facebook" sosial şəbəkəsində “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızına müraciət ünvanlayıb: “Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişində dövlət qurumunun hüquqşünasının gözü qarşısında uşağa qarşı psixoloji zorakılıq baş verir, o isə danışmır. Neçə vaxtdır mən bu verilişdə uşaqların qarşılaşdığı mənəvi və psixoloji zorakılıqları müşahidə edirəm. Bunlara son qoyulmalıdır”.
Uşaq Hüquqları Klinikası idarə heyətinin sədri Nazir Quliyev də uşaqlardan istifadə edib reytinq qazanmağı doğru saymır: "Hətta həmin verilişlərdə iştirak edərkən də demişəm. Televiziyanın rolundan biri də uşaq hüquqlarının müdafiəsidir. Ancaq bu sahədə, hansısa uşaqların problemlərindən istifadə edib, verilişin reytinqini artırmaq, cəmiyyətə informasiya sırımaq nə beynəlxalq uşaq hüquqları ilə, nə də KİV haqqında qanunlarla bir araya sığımır. Sosial yönümlü verilişlərdə uşaqların qabardılmasının yanlış olduğunu düşünürəm".Nazir Quliyev belə məsələlərdə Milli Televiziya və Radio Şurasını diqqətli olmağa çağırır: "Teleradio Şurasının mühüm vəzifələrindən biri də bu cür məsələlərə nəzarət edib, müəyyən qərarlar qəbul etməkdir. Çünki bu uşaqların psixologiyasına böyük təsir edir. Ailə dəyərlərinin pozulmasına, cəmiyyətə çox pis formada təqdim edilməsinə gətirib çıxarır".Media uşaqları istismar edir
“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev təəssüfləndiyini bildirir ki, uşaqları “səssiz qurbanlar” kimi təsvir edən Azərbaycan mediası hələ də “Uşaq Hüquqları haqqında Konvensiya”nı, xüsusən də uşağın rifahının yüksəldilməsində medianın məsuliyyət daşıdığı ilə bağlı 17-ci maddəni tez-tez pozur: “Nəticə isə acınacaqlıdır. Bir çox yeniyetmə və gənclər KİV-dəki mənfi stereotipləri qavrayır və bunu sonradan həyat tərzinə çevirirlər. Uşaqlardan reklam çarxlarının çəkilməsində, moda və pop musiqisinin işıqlandırılmasında istifadə onların vaxtından əvvəl cinsi fəal fərdlər kimi yetişməsinə gətirib çıxarır. Bir tərəfdən KİV qəzet məlumatları, fotoşəkillər, kriminal xəbərlərilə zorlanan və zorlayanın əhvalatını nəql edir, digər tərəfdən də bu təhrikedici obrazların yaradılmasıyla etika kodeksini kommersiya marağına qurban verərək, kiminsə istismarçısına çevrilir”.Yaşını və cinsini desə də, ad çəkmir
“Azadlıq” radiosunun əməkdaşı Səadət Akifqızı müsahibə və reportajlarında zərərçəkən və ya cinayət törədən uşaqları necə təqdim edir? Səadət xanım “Filan cinayəti törətməkdə ittiham edilən, zərərçəkən” ifadələrini işlədir, adətən ad cəkmir, amma yaşını və cinsini deyir: “Yəni oğru, qatil kimi ifadələri işlətmirik. Belə yazılarda uşağın adətən adı, soyadı çəkilmir, şəkli verilmir. Bu, çox həssas məsələdi. Zorlanan, döyülən, hətta cinayət törədən uşağın şəxsiyyətini açıqlamaq isə yolverilməzdir”.S.Akifqızı əlavə edir ki, burada bəzi istisnalar da var: “Əgər bu hadisə geniş yayilibsa və bizim verəcəyimiz məlumat uşağın gələcəyinə ciddi təhlükə yaratmırsa, bu zaman uşağın şəklini yayib, adını da cəkmək olar. Məsələn, uşaq xəstədirsə və yardıma ehtiyacı varsa bu zaman bu, mümkündür”.Uşaq psixoloqu Kəmalə Baxış mediada uşağın öz faciəsindən danışmasını doğru hesab etmir: "Əslində, belə verilişlərin təşkilində psixoloq iştirak etməlidir. Ora çıxmazdan, danışmazdan öncə həmin uşaqlar psixoloqla ünsiyyətdə olmalıdırlar. Bizim telekanallardakı verilişlər isə çox pis təsir edə bilər uşaqlara. Təkcə, uşağın indiki həyatına yox, gələcək taleyinə də pis təsir edər. Təsirdən başqa fizioloji dəyişikliklərə də səbəb ola bilər. Həmin uşaqlarda gələcəkdə hansısa xəstəliklər də ortaya çıxa bilər. Belə verilişlər Rusiya kanallarında da gedir. Ancaq onlar buna çox sivil yanaşırlar".Xarici mediada uşaq hüquqları necə qorunur?
Komi Respublikası Uxta şəhərində çalışan hüquqşünas Əli Şirvaninin dediyinə görə, uşaq hüquqlarının qorunması dövlətin və cəmiyyətin əsas vəzifəsidir: “Amma bu, valideynlərdən ayrı realizə oluna bilməz. Rusiya Federasiyası Konstitutsiyasının 38-ci maddəsinə görə, valideyn bütün sahələrdə və bütün məsələlər üzrə öz uşağının maraqlarının təmsilçisidir. Bununla da uşağın hüquqlarının pozulması birbaşa valideynin hüquqlarının pozulması anlamına gəlir. Eyni zamanda, Uşaq Hüquqları Haqqında Bəyannaməyə görə, valideynin mənsəbindən, milliyətindən, siyasi və dini əqidəsindən asılı olmayaraq uşaq bütün hüquqlara malikdir”.Ə.Şirvani Rusiya mediasında da pozuntulara yol verildiyini nəzərə çatdırır: “Bəzən olur, amma o dərəcədə yox. Televiziya verilişlərində valideynlərinin və uşağın özünün razılığı olmadan onun üzünü göstərmək qadağandır. Amma əgər bir narkoman hərəkətləri ilə bağlı peşmançılıq hissi keçirir və gənclərə bu yoldan çəkindirmək üçün müraciət etmək istəyirsə, bu halda o yeniyetmənin üzü göstərilə bilər. Polis və ya prokurorluqda uşaqlara qarşı kobud pozuntular olarsa, bu onların əməkdaşlarının işlərini itirməsi ilə nəticələnə bilər”.
Almaniyada yaşayan Malik Bayramov deyir ki, burada milliyətindən və cinsindən asılı olmayaraq, hər bir uşağın hüququ dövlət tərəfindən qorunur, etik qaydalar da bu sırada xüsusi önəm daşıyır: “Cinayət və ya digər hallar da daxil olmaqla uşaqların mediada işıqlandırılması qanunla tənzimlənir. Daha doğrusu, media bu hallara yer ayırmır. Xüsusi əhəmiyyətli hadisələr zamanı mediada xəbərin verilməsi şəxsin və ya vəkilinin icazəsi olmadan verilə bilməz. Uşaqların cinayət əməli olduqda və mediada yayımlandıqdan sonra həmin ailənin başqa ünvana köçürülməsi belə təmin olunur”.
TRT kanalının produsser və rejissoru İradə Rəfizadə Korukluoğlu Türkiyədə uşaqların hüquqlarının qorunmasında jurnalistlərin vəzifələrini yaxşı icra etdikləri barədə danışır: “Burda geneldə belə xəbərlərdə uşaqların kimliyi açıqlanmır. Gizli saxlanılır. Hətta görüntüdə üzləri kapatılır. Çünki bu uşaqlara bunu yaşatmaq etik deyil. Mənim medyadan gördüyüm bu gədər....”
Yeganə Nəbiyeva,Mingəçevir İşıqları qəzeti