“Xaricdə müəyyən dairələr Azərbaycana qarşı yenə qara piar kampaniyası aparırlar. Bütün bu qərəzli fəaliyyətlər ölkəmizdə həyata keçirilən işlərə, dövlət kimi möhkəmlənməsinə kölgə salmaq niyyəti daşıyır. Azərbaycanda iqtisadi, siyasi marağı olan dairələr bu işlərin müəllifləridirlər. İdmanı siyasətə çevirmək lazım deyil. Kampaniya aparanlar ölkəmizdə mövcud olmayan məsələləri səsləndirərək Azərbaycana qarşı yönəltməyə çalışılrlar”.
Bu fikirləri millət vəkili Aydın Mirzəzadə I Avropa Olimpiya Oyunları ərəfəsində Azərbaycana qarşı qərəzli kampaniya aparan dairələrin fəaliyyətlərini AZXEBER.COM-a şərh edərkən bildirdi:
“Təəssüf edirəm ki, bu işlərdə bəzi yerli media, qeyri-hokumət təşkilatları və hətta siyasi partiyalar da iştirak edirlər. Onlar bağlı olduqları ağalarından aldıqları yeni sifarişlərini yerinə yetirirlər. Məqsəd birdir. Azərbaycanın artan nüfuzuna xələl gətirmək. 3 il əvvəl Evrovision Musiqi Müsabiqəsinin keçirildiyi ərəfədə də bəzi yerli və beynəlxalq dairələr ölkəmizə qarşı çirkin böhtan kampaniyası aparırdılar. O zaman bütün cəhdlər boşa çıxdığı kimi, I Avropa Olimpiya Oyunları ərəfəsində də elə olacaq. Bu idman yarışı da çox yüksək səviyyədə həyata keçiriləcək və Azərbaycanın bütün dünyada artan nüfuzu daha da möhkəmlənəcək”.
Qara yaxma kampaniyasında Azərbaycana qarşı səsləndirilən məsələlərə gəlincə isə, deputat hesab edir ki, bu işlər çərçivəsində adları çəkilən məsələlər şişirdilir. Məsələn, istənilən problemi axtarsan dünyanın bütün ölkələrində var, bizə qarşı iradlar səsləndirən ölkələrin özlərində də bir sıra problemlər mövcuddur. Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycanda demokratik islahatlar, insan haqlarının qorunması istiqamətində mühüm addımlar atılır. İstənilən şəxsin istəyi təhlükəsiz şəraitdə, iqtisadi və siyasi baxımdan inkişaf etmiş bir dövlətdə yaşamaqdır. Azərbaycan dövləti bu gün vətəndaşlarına bunu təmin edir. Bəzi beynəlxalq təşkilatlar Azərbaycandakı tərəfdarlarını “milli qəhrəman”a çevirmək istəyirlər ki, sonra istədikləri zamanlarda onlardan Azərbaycana qarşı istifadə etsinlər. Bu isə çox kobud şəkildə icra edilir. Aparılan bu çirkin siyasi piarı nə Azərbaycan dövləti, nə də ciddi beynəlxalq təşkilatlar qəbul etmir. Bütün cəhdlərə baxmayaraq, Azərbaycan demokratik yolla inkişafını davam etdirərək yenə də böyük strateji layihələrə imza atacaq”.
Orxan