Xəbər verdiyimiz kimi, Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçiləri - Aqşin Bəbirov və Hüseyn Axundova qarşı cinayət işi açılıb, həbs ediliblər.
Onlar "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda ittiham olunurlar”.
Məsələ ilə bağlı AZXEBER.COM-a Milli Məclisin deputatı Hikmət Babaoğlu öz fikirlərini bölüşüb.
Millət vəkili bildirib ki, ermənilərin hərbçilərimizə qarşı bu cür hərəkətləri etnik nifrətin göstəricisidir:
"Hər şeydən öncə, Ermənistana yolunu azaraq getmiş hərbçilərimizə qarşı bu cür münasibətin göstərilməsi erməni barbarlığının, ermənilərin azərbaycanlılara qarşı olan etnik nifrətinin göstəricisidir. Eyni zamanda, Ermənistan cəmiyyətində hakim olan faşizm rəyinin təzahürüdür. Məsələ ondadır ki, təsadüfən baş vermiş bu hadisəni ermənilər xüsusi cinayət kimi təqdim etməyə çalışırlar və Azərbaycan hərbçilərinə qarşı cinayət işi başladıblar. Bu qəti şəkilə yolverilməzdir. Çünki Azərbaycan dəfələrlə ərazisinə xüsusi təxribat məqsədilə deyil, səhvən yolunu azaraq keçən erməni əsgərlərinə qarşı çox humanist davranıb. Onlarla bağlı hər hansı bir cinayət tədbirləri həyata keçirtməyibdir.
Deputat deyib ki, onlar dövlət sərhədini bilərəkdən keçməyiblər:
"Çox təəssüf ki, ermənilər bunu edir. Bu onu göstərir ki, Ermənistanın əsas məqsədi regionda sülhün, sabitliyin bərqərar olması deyil, etnik nifrət üzərindən yenidən konfliktlər yaratmaqdır. Biz əminik ki, müvafiq beynəlxalq təşkilatlar, o cümlədən Qırmızı Xaç Cəmiyyəti və digər humanitar hüquq üzrə ixtisaslaşmış təşkilatlar bununla bağlı Ermənistana təzyiq edəcəklər və bizim heç bir günahı olmayan əsgərlərimiz vətənə geri dönəcəklər. Artıq hər kəsə aydındır ki, bizim hərbçilərimizin üzərində silah olmayıb və onlar dövlət sərhədlərini bilərəkdən keçməyiblər. Bu səbəbdən də ermənilərin sözügedən hadisəyə don geyindirməsi Azərbaycana qarşı düşmənçiliyin bir nümunəsidir".
Mikayıl Mirzəzadə