“Gürcüstan Azərbaycan qazından, neftindən asılı vəziyyətdədir”
Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Qabil Hüseynli Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin gələn həftə Azərbaycana planlaşdırdığı ilk rəsmi səfəri şərh edərkən belə deyib:
“Gürcüstanda prezidentin özü simvolik xarakter daşıyır. Əslində, baş nazir İvanaşvili Gürcüstanın bütün daxili və xarici siyasətini müəyyənləşdirən adamdır. Georgi Marqvelaşvilinin Azərbaycan ilk rəsmi səfərə gəlməsi isə heç də təəccüblü deyil. Çünki bu gün Gürcüstan büdcəsinin 40%-dən çoxunu, bu ölkənin ərazisindən keçən tranzit xətlərdən əldə edilən icarə haqları təşkil edir. Bu xətlərin icarə haqqının böyük hissəsini isə Azərbaycan verir. Eyni zamanda Gürcüstan Azərbaycan qazından, neftindən asılı vəziyyətdədir. Hələ elektrik enerjisinin ucuz qiymətə bu ölkəyə olan satışını nəzərə də alsaq o zaman Gürcüstan Azərbaycanın hər zaman könlünü xoş tutmağa məhkumdur. Buna görə də bu səfər Azərbaycanla olan əlaqələri daha da genişləndirmək və növbəti 2014-cü ildə ilkin razılaşmaların əsasını qoymaq məqsədi daşıyır”.
Qeyd edək ki, G.Marqvelaşvilinin Azərbaycana səfəri çərçivəsində keçirəcəyi görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq, regiondakı vəziyyət qiymətləndiriləcək.
Əfsələddin Ağalarov