“Təhqir xarakterli fikirlərin, insanları radikallığa sövq edən yazıların, informasiyaların qarşısı kəskin şəkildə alınmalıdır”
Son günlər baş verən məlum olaylar bütün dünyanın diqqətini Fransaya yönəldib. Bir-birinin ardınca baş verən terror hadisələri digər ölkələrdə də ehtiyatlı davranmağa, həyəcan təbili çalmağa rəvac verib.
Əbu-Bəkr məscidinin imamı Hacı Qamət Fransada baş verənləri qətiyyətlə pislədi. Fransada baş verən son olayları AZXEBER.COM-a şərh edən Hacı Qamət radikallığa səsləyən fikirlərin, hərəkətlərin qarşısının dövlətlər tərəfindən sərt şəkildə alınması təklifini irəli sürdü.
“Terrorun islamla heç bir əlaqəsi yoxdur. Bu hərəkət düzgün deyil. Ümumiyyətlə, zorakılıq hərəkətlərini cahil, cılız, savadsız adamlar edirlər. Terroru edənlər hərəkətlərini əsaslandırmaq üçün səbəb olaraq göstərirlər ki, peyğəmbəri təhqir ediblər. Təhqirə terrorla cavab verilməsini doğru hesab etmirəm və baş verənləri pisləyirəm.
Amma nəzərə almaq lazımdır ki, elə insanlar var ki, onları təhqir etmək olmaz. Xüsusilə də, peyğəmbərləri, seçilmiş insanları. Dövlətlər bu məsələlərdə daha diqqətli olmalıdırlar. Belə dəhşətli, qana, qırğına, insan ölümünə gətirib çıxaran, cəmiyyətdə qarşıdurmaya, problemlərə səbəb olan hadisələrə dövlətlər daha həssas, ehtiyatlı yanaşma nümayiş etdirməlidirlər. Mətbuatda, internetdə dərc olunan təhqir xarakterli fikirlərin, insanları radikallığa sövq edən yazıların, informasiyaların qarşısını dövlət kəskin şəkildə almalıdır. Baş verənləri islamla bağlamaq düzgün deyil və əksinə, islam bu cür addımların əleyhinədir”.
Orxan