‘Onlar stəkanın boş tərəfini görməyə daha çox meyillidir’ – MÜSAHİBƏ – FOTOLAR

SİYASƏT
16:04 15.11.2013
1574

Arayış:

Haldun Yavaş . Xəzər Strateji İnstitutunun təsisçisi və Baş katibidir. 1999-cu ildə Marmara Universitetində təhsil alıb. Daha sonra, 2005-ci ildə Nyu-Yorkda “York Dowling” universitetində maqistratura pilləsi üzrə təhsil alıb. 2006-ci ildən bəri “Signal Telecommunication” şirkətində idarəçi vəzifəsini daşıyır. Evlidir. İki oğlan, bir qız atasıdır.

Müsahibimlə Bakıda yerləşən, möhtəşəm görüntüsü ilə insanın gözünü qamaşdıran “Hilton” otelinin foyesində görüşdük. Gərgin iş qrafiki olmasına baxmayaraq, Haldun bəy, müsahibə təklifimizi müsbət qarşılayaraq ilk cəhdimizdə razılıq verdi. Onunla, Xəzər Strateji İnstitutunun fəaliyyəti və Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı bir xeyli söhbətləşdik.

- Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Abdullah Gül arasında keçirilən görüş zamanı Azərbaycan-Türkiyə münasibətlərinin gələcək perspektivləri müzakirə edildi. Siz Azərbaycan və Türkiyə münasibətlərinin bu gününü və sabahını necə görürsünüz?

- Bu gün Azərbaycanın Türkiyə ilə olan münasibətləri bütün bölgəni narahat edir. Bu da çox normaldır. Çünki Azərbaycan Türkiyə ilə birlikdə bütün dünyaya qardaşlıq siyasətinin ən bariz nümunəsini göstərir. TANAP layihəsinin həyata keçirilməsi və hər iki dövlətin xarici təzyiqlərə baxmayaraq, bu layihənin davam etməsi üçün göstərdiyi siyasi iradə bir daha Azərbaycan və Türkiyə qardaşlığını hamıya sübut etdi. Bilirsiniz ki, Rəcəb Tayyib Ərdoğan ötən gün cənab İlham Əliyevlə görüşü zamanı TANAP-ın 2014-cü ildə başlayacağını söylədi.

Eyni zamanda, hər iki ölkə arasında iqtisadi, mədəni, enerji təhlükəsizliyi məsələləri ilə bağlı ikitərəfli razılaşma əsasında işlər görülür. SOCAR bu gün Türkiyədə ən çox yatırım qoyan xarici şirkət olub. Hesablamalara görə 2020-ci ildə SOCAR-ın Türkiyəyə qoyduğu investisiyaların ümumi sayı 20 milyard dollardan çox olacaq. Eyni zamanda, türk işadamlarının Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olması və qardaş ölkəyə yeni yatırımlar qoyması iki ölkə arasındakı iqtisadi əməkdaşlığı daha da gücləndirir.

- Haldun bəy, Xəzər Strateji İnstitutu (HASEN) hansı fəaliyyətlə məşğuldur və bu təşkilat Xəzəryanı ölkələrin siyasi-iqtisadi münasibətlərinin tənzimlənməsi üçün hansı işləri görür?

- Xəzər Strateji İnstitutunun digər beyin mərkəzlərindən ən böyük fərqi qurumun iki istiqamətdə fəaliyyət göstəməsidir: Akademik sahədə və media sahəsində. HASEN-in 3 mərkəzi var. Bunlar Enerji Mərkəzi, Beynəlxalq Əlaqələr Mərkəzi, Siyasi və Sosial Araşdırmalar Mərkəzidir. Bizi Azərbaycanda ən çox Xəzər Forumu ilə tanıyırlar. Amma bu gün biz forumlarla bərabər, “Hazar World” jurnalını da çap edirik. Bu jurnal 10 min nüsxə ilə çap edilir və həm ingilis, həm rus dillərində dünyanın bir çox ölkələrinə göndərilir. Buraya ən əsas Xəzəryanı ölkələr daxildir. Təşkılatımız bu günə qədər Brüsseldə, Bakıda, Astanada, İstanbulda, Nyu-Yorkda və dünyanın bir çox yerlərində Xəzəryanı ölkələrin rəhbər şəxsləri ilə görüşlər keçirib. Onu da deyim ki, bu görüşlərin əksəriyyəti mətbuata qapalı formada keçirilib. Xəzər formuna bu günə qədər dünyanın 8 xarici işlər naziri qatılıb ki, bu da bizim təşkilatın dünya üzrə müsbət reputasiyasını göstərir. Bir sözlə, bizim əsas məqsədimiz bu təşkilat vasitəsi ilə bölgənin Davosunu yaratmaqdır.

- HASEN-in fəaliyyəti ilə bağlı məlumatların qardaş ölkə mətbuatında az işıqlandırılmasını nə il izah edirsiniz?

- Bu gün Türkiyə mediası stəkanın boş tərəfini görməyə daha çox meyillidir. Məhz buna görə, Türkiyədə mətbuat sahəsində parçalanmalar geniş müşahidə olunur. Media bir məqsəd uğurunda fəaliyyət aparmır. Türkiyədə bu gün süni gündəmlər yaradılır və bu bəzi məqsədlər üçün istifadə edilir. Mən bunun səbəbini belə izah edərdim. Ancaq bu gün bizim “Kanal 24”də həftədə bir dəfə özümüzə aid verilişimiz var. Buradan öz sözümüzü və fəaliyyətimizi insanlara çatdırırıq. Eyni zamanda, “Hazar World” jurnalı da çap edilir. Bu jurnalın çoxlu sayda abunələri var. Yəni bir sözlə öz mediamızı özümüz yaradırıq.

- Az öncə söylədiniz ki, TANAP layihəsi təkcə bölgə ölkələrinin deyil, Avropa ölkələrinin də marağını çəkən bir layihədir. Bu layihə ilə bağlı hansı araşdırmaları aparmısınız?

- Birinci bunu bilmək lazımdır ki, TANAP layihəsi bu gün ABŞ-ın dəstəklədiyi bir layihədir. Avropa bu layihənin gerçəkləşməsi üçün hamıdan daha çox maraqldır. Çünki bu layihə bütün Avropanın enerji təhlükəsizliyini təmin edəcək. Türkmənistan qazının Azərbaycan vasitəsi ilə Türkiyəyə çatdırılması və oradan Avropaya nəql edilməsi birbaşa olaraq bu ölkələrin iqtisadi dirçəlişini təmin edəcək. Ərdoğan sonuncu çıxışı zamanı Türkiyənin bu layihəyə nə qədər maraqlı olduğunu dedi. Eyni zamanda İlham Əliyev də Azərbaycanın bu layihəyə olan marağını öz çıxışında ortaya qoydu. Biz Nyu-Yorkda keçirdiyimiz Xəzər Forumu zamanı 8 ölkənin xarici işlər naziri ilə də bu məsələni müzakirə etdik. Hətta layihədən kənarda qalan ölkələr də forumda çıxış edərək, bu proyektin gerçəkləşməsi üçün bütün imkanlarını səfərbər edəcəklərini açıqladılar. İndi bizim təşkilat Balkan ölkələri ilə də müzakirələrə başlayıb. Onlar da TANAP-la maraqlanırlar. Bu layihənin həyata keçirilməsi üçün ölkələr, şirkətlər və siyasətçilər öz dəstəklərini göstərir. Geriyə yalnız zaman qalır. Zamanla bu layihə fəaliyyətə başlayacaq və enerji təhlükəsizliyi baxımından tarixi bir iş olacaq.

- Haldun bəy, Xəzər Strateji İnstitutu 4-5 dekabr tarixində İstanbulda növbəti Xəzər Forumu keçirəcək. Bu forumun keçirilməsində məqsəd nədir?

- Biz birinci forumu da keçən il eyni tarixdə İstanbulda keçirmişdik. Bu forumda biz dünyaya Xəzər bölgəsinin var olduğunu göstərdik. Çünki Xəzər bölgəsi deyərkən daha çox Qafqaz bölgəsi nəzərdə tutulur. Biz isə buranın Qafqaz deyil, Xəzər bölgəsi olduğunu dedik. Nyu-Yorkda keçirilən ikinci forumumuzda isə biz TANAP layihəsinin Xəzəryanı ölkələrin iqtisadiyyatı üçün önəmini vurğuladıq. Və dünyanın 8 ölkəsindən gələn xarici işlər nazirlərinin TANAP-la bağlı müsbət rəylərini, dəstəklərini qazandıq. Növbəti keçirəcəyimiz Xəzər Formunda isə biz yenə Türkmənistan qazının bu layihədəki önəmini və onun tranzit ölkələr üzərindən necə keçirilə biləcəyini müzakirə edəcəyik. Növbəti forumumuzda iki başlıq irəli sürəcəyik. Birincisi, Xəzəryanı ölkələrin layihədə iştirakını təmin etmək, ikinci başlığımız isə Cənub tranzit dəhlizinin TANAP və TAP layihəsindəki önəmini vurğulamaq. İnşallah, bu forumun da daha böyük uğur gətirəcəyinə inanırıq.

- Haldun bəy, bizə zaman ayırıb suallarımızı səmimi cavablandırdığınız üçün təşəkkür edirəm.

- Mən təşəkür edirəm.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR