‘Onların Azərbaycan və ölkə ziyalıları adından danışmağa heç bir mənəvi haqqı yoxdur’ - Fərid Şahbazlı

‘Onların Azərbaycan və ölkə ziyalıları adından danışmağa heç bir mənəvi haqqı yoxdur’ -  Fərid Şahbazlı
Bütün Xəbərlər
11:50 15.04.2013
1041

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlının müsahibəsini təqdim edirik “Ziyalılar Forumu”nda təmsil olunanların əksəriyyəti şəxsi maraqları uğrunda mübarizə aparıb, bunu iqtidara qarşı “vicdan mübarizəsi” kimi təqdim edirlər”

- Qarşıdan prezident seçkiləri gəlir. Seçkiöncəsi Azərbaycanda ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?

-Hesab edirəm ki, əlahiddə bir durum yoxdur. Hər şey öz axarında və qaydasında gedir. Əlbəttə, seçkiöncəsi müəyyən hərəkətlənmənin olması təbiidir. Bunda xüsusi nəsə axtarıb uzaqgörən nəticələr çıxarmağa dəyməz. Heç şübhəsiz ki, seçkilər öncəsi həm iqtidar, həm də müxalif düşərgə bütün gücünü səfərbər edərək, prosesdən qalib çıxmaq istəyir. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan hakimiyyətinin uzun illərdən bəri reallaşdırdığı sosial-iqtisadi və siyasi islahatlar öz konkret nəticələrini verməkdədir və hazırkı situasiyada iqtidarın bütün mövqelərdə irəlidə olduğu gün kimi aydındır. Proseslərib bu şəkildə inkişafı onu deməyə əsas verir ki, seçkilərdə dəfələrlə ağır məğlubiyyətə uğrayan müxalifət cəmiyyətin etimadını itirib və bu qüvvələrin qarşıdan gələn seçkilərdə də ciddi nəticə əldə edəcəyi real deyil.

- Müxalif siyasi dairələrdə Azərbaycan iqtidarının ölkədə marağı olan beynəlxalq güclərlə problemlər yaşadığı və bu səbəbdən hakimiyyəti ciddi təhlükələr gözlədiyi iddia olunur...

- Əvvəla onu söyləmək istəyirəm ki, Azərbaycanda hakimiyyət xalqın siyasi iradəsini ifadə edir və bu səbəbdən də yalnız Azərbaycan xalqı qarşısında hesabatlıdır. Bu mənada hansısa ölkənin və ya beynəlxalq təşkilatın Azərbaycanla bağlı bəyanatı, hesabatı dövlətimiz və xalqımız üçün həlledici sayıla bilməz. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan sürətlə inkişaf edir. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, regionda Azərbaycanın rolu və iştirakı olmadan heç bir layihə uğur qazana bilməz. Bu səbəbdən regionla bağlı ciddi planları olan, bölgədə öz rolunu artırmaq istəyən dünya hegemonları başa düşürlər ki, Azərbaycan iqtidarının rolunu nəzərə almadan regionda öz maraqlarını həyata keçirə bilməyəcəklər. Bütün bunların fonunda isə Azərbaycan iqtidarı yalnız xalqın və dövlətinin maraqlarına cavab verən daxili və xarici siyasət yürüdür. Heç kimin daxili işlərinə qarışmadığımız kimi, digər dövlətlərin də ölkəmizin daxili işlərinə qarışmasına imkan vermirik. Belə olduğu təqdirdə bəzi bədxah qüvvələr də daxildəki emissarları vasitəsilə Azərbaycanda olan daxili sabitliyi pozmaq, bu yolla öz iqtisadi və siyasi maraqlarını həyata keçirməyə çalışırlar. Lakin təcrübədən bilirik ki, bu kimi təzyiqlər heç zaman keçərli olmayıb və bundan sonra da keçərli olmayacaq. Bundan öncəki seçkilərin xronoloji ardıcıllığına baxsaq görərik ki, ənənəvi müxalifət düşərgəsi hər seçkidə “beynəlxalq təzyiq” faktorundan yararlanmağa çalışıb və indiyə qədər bir dəfə də olsun onların proqnozları özünü doğrultmayıb. Daxildə dəstək qazanmayan qüvvələrin xaricdən müəyyən gözləntilərinin olması təbiidir və mən bunu onların məğlubiyyətinin etirafı kimi qəbul edirəm.

- Əkrəm Əylisinin və Rüstəm İbrahimbəyovun ardınca Emin Millinin də erməni mətbuatına müsahibəsi cəmiyyətdə birmənalı qarşılanmadı...

- “Ziyalılar Forumu” yarananda bəziləri onların səmimiliyinə inanırdı və biz hələ o zamanlar bəyan edirdik ki, onlara milli mənafe deyil, öz şəxsi mənfəətlərini həyata keçirmək lazımdır. Biz bunu havadan demirdik. Bu gün “Ziyalılar Forumu”nda təmsil olunanların əksəriyyəti şəxsi maraqları uğrunda mübarizə aparıb, bunu iqtidara qarşı “vicdan mübarizəsi” kimi təqdim edən şəxslərdən ibarətdir. Əkrəm Əylisli deputat mandatını itirdiyinə, Rüstəm İbrahimbəyov isə şəxsi biznesini qanunsuz yollarla reallaşdıra bilmədiyinə görə, bu hakimiyyətə müxalif olublar və onların özləri də dəfələrlə mətbuata açıqlamalarında bunu inkar etməyiblər.

İndiki halda onların ermənipərəst mövqeyi bir daha göstərdi ki, onların Azərbaycan və ölkə ziyalıları adından danışmağa heç bir mənəvi haqqı yoxdur. Onların gözünü qisas hissi o qədər tutub ki, erməni dəyirmanına su tökmək bahasına olsa belə dövləti şantaj etməyə hazırdırlar.

O ki qaldı Emin Milliyə, hesab edirəm ki, o, qısa müddətdir siyasi fəaliyyətlə məşğul olmasına baxmayaraq, cəmiyyətin gözündən sürətlə düşməyi bacaran azsaylı gənclərdəndir. Blogger olmağın perpesktivsiziyini görən “liberal milli”nin xaricə qaçandan sonra insanlardan pul yığması, sonradan bu pulların taleyi ilə bağlı suallara aydınlıq gətirmək əvəzinə, erməni mətbuatı ilə qardaşlığı onun gündəmi dəyişmək cəhdindən savayı bir şey deyil. Azərbaycan gəncliyi Emin Milli kimi “qəhrəman”ları çox görüb və onların təxribatına uyacaq qədər sadəlövh deyil. Bunu Emin Millinin özü də gözəl başa düşür. Sadəcə seçki ilində öz şəxsi evlərinin sayını artırmaq üçün siyasi oyun oynayır və onun bu mübarizəsinin maksimal hədəfi elə mənzillərinin sayını artırmaq ola bilər. Xatırlayırsınızsa, o bir müddət əvvəl guya hansısa televiziyanın açılması üçün evlərindən biri satdığını söyləmişdiki, sonradan bu xəbər də yalan çıxdı.

- Son günlər “Nida”çı gənclərin həbsi hakimiyyətin azad fikirli gənclərə qarşı “səlib yürüşü” kimi qiymətləndirilir. Bir çoxları belə hesab edir ki, iqtidar müxalif gənclərin bu hərəkətlənməsindən narahatdır və çıxış yolunu onların həbsində görür.

- Hər şeydən əvvəl onu deyim ki, mən Azərbaycanın heç bir vətəndaşının həbsini istəmirəm və həbs olunmuş gənclərə “Allah qapılarını açsın” deyirəm. Ancaq qəbul etmək lazımdır ki, Azərbaycan hüquqi dövlətdir və burada hər kəs atdığı addıma görə, məsuliyyət daşıyır. Kiminsə hansısa partiyanın və ictimai təşkilatın üzvü olması ona əlavə imtiyazlar tanımır. Bu mənada “Nida”çıların həbsi də sırf hüquqi xarakter daşıyır və bunun siyasi səbəblərlə yaxından-uzaqdan heç bir bağlılığı yoxdur. Bir qədər də konkretləşdirsək, “Nida”çılar özləri istintaqa verdiyi ifadələrdə ünvanlarına səsləndirikləri ittihamları etiraf etmiş və əsl məqsədlərini açıqlamışdılar. Bu halda gənclərin bu etiraflarını bir kənara qoyub, günahı hakimiyyətdə axtarmaq ədalətsizlikdir. Hakimiyyət müxalif düşüncədə olan gəncləri də Azərbaycan gəncliyinin ayrılmaz hissəsi hesab edir və qanunlar çərçivəsində onların özlərini realizə etməsi üçün bütün imkanları yaradır.

- Bir müddət əvvəl telejurnalist Mirşahin Ağayev Gənclər və İdman naziri Azad Rəhimovu kəskin tənqid edən iddialarla çıxış etmişdi. Bu iddialardan sonra hakimiyyətə yaxın gənclər təşkilatları ona qarşı hücuma keçdilər. Sizdəmi belə hesab edirsiniz ki, gənclər sektorunda heç bir problem yoxdur?

- Açıq demək lazımdır ki, Mirşahin “Hesabat” proqramında Azad Rəhimovun ünvanına səsləndirdiyi ittihamlarında bir sıra yanlışlıqlara yol verib. Reallıq isə ondan ibarətdir ki, bu gün Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə olduqca uğurlu və konkret hədəflərə hesablanan dövlət gənclər siyasəti reallaşdırılır. Heş şübhəsiz ki, bu siyasətin reallaşmasında nazir kimi Azad Rəhimovun da müstəsna xidmətləri var. Azad müəllim hər şeydən əvvəl olduqca ziyalı, səmimi və daim gənclərlə ünsiyyətə can atan bir şəxsdir. Bu mənada o bəzi həmkarlarından ciddi mənada fərqlənir. Amma gənclərlə iş sahəsində birmənalı qaydada heç bir problemin olmadığını söyləmək də ədalətsizlik olardı və əlbəttə ki, biz zaman-zaman bu sahədəki problem və çətinlikləri səsləndirməklə yalnız ümumi işin xeyrinə çalışmış oluruq.

- Gəlin konkretləşdirək, söhbət hansı problemlərdən gedir?

- Biz bu məsələlər ətrafında bu sahəyə məsul insanlarla dəfələrlə fikir mübadiləsi aparıb, öz düşüncələrimizi çatdırmışıq və hesab edirəm ki, bu kifayət edir. İndiki məqamda bu mövzuda danışaraq, fürsət gözləyən müəyyən qüvvələrin əlinə uzaqgedən nəticələr çıxarmaları üçün əsas vermək niyyətində deyiləm.

- Prezidentin son müşavirələrdən birində məmurlarla bağlı sərt xəbərdarlığı cəmiyyətdə ciddi rezonans doğurdu. Siz necə düşünürsünüz, müşavirədən sonra bu sahədə hər hansı dəyişiklik oldumu?

- Cənab Prezidentin cəmiyyətdə böyük razılıqla qarşılanmış məlum çıxışını çox yüksək qiymətləndirir və bəzi yolunu azmış məmurlara verilmiş layiqli cavab hesab edirəm. Ümumiyyətlə qəbul etmək lazımdır ki, hakimiyyətin ayrı-ayrı strukturlarını da insanlar idarə edir və iqtidardakı bütün məmurlardan eyni dərəcədə vicdanlı olmağı gözləmək yersizdir. Necə ki, bəzən ətrafımızda olan tanışlarımız, dostlarımız bizim etimadımızdan sui-istifadə edərək, müəyyən yanlışlıqlara yol verirlər, eləcə də hakimiyyət strukturlarında ölkə rəhbərliyinin etimadını doğrultmayan məmurlar da olmamış deyil. Prezidentin məlum çıxışı belə məmurlara “tərs sillə” oldu və onlara öz yerini göstərdi. Şübhəsiz ki, bu xəbərdarlıqdan sonra bu sahədə ciddi irəliləyişlər baş verdi. Zatən cənab Prezidentin bu xəbərdarlığından nəticə çıxarmayan məmurları digər vəzifəsini itirmiş həmkarlarının taleyi gözləyəcək.

OXŞAR XƏBƏRLƏR