Orxan Əkbərov: 'Biz Ermənistanı bu tip provokativ addımların atılmasından geri çəkilməyə çağırırıq'
Bütün Xəbərlər
17:30 10.10.2012
1075
Azərbaycan Respublikasının Dağlıq Qarabağ İcmasının Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov qondarma “Dağlıq Qarabağ Respublikası”nın və Ermanistan Respublikasının Xarici İşlər Nazirliklərinin yaydığı dezinformasiyaya münasibət bildirib. Açıqlamada deyilir:“Ermənistan hər zaman kimi öz provokativ və dezinformasiya yayma siyasətini davam etdirir.Biz bir daha bəyan etmək istəyirik ki, istər qondarma “Dağlıq Qarabağ Respublikası”nın, istərsə də Ermənistan Respublikasının Xocalı hava limanından istifadə etmək hüququ yoxdur. Dağlıq Qarabağ və eləcə də ətraf rayonlar Azərbaycanın ərazi vahidinə daxildir və bütün beynəlxalq təşkilatlar - BMT, ATƏT, Avropa Şurası, o cümlədən Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini tanıyır. Bu baxımdan Ermənistan parlamentinin də ratifikasiya etdiyi, 7 dekabr 1944-cü il Çikaqo Konvensiyasına 10 may 1984-cü ildə edilən dəyişiklik və 1 oktyabr 1998-ci ildə bu konvensiyanı ratifikasiya edən ölkələrdə qüvvəyə minən, Konvensiyanın “3 Bis” maddəsinə uyğun olaraq Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisinə qanunsuz uçuş edən hava gəmilərinin endirilməsini tələb edə bilər. Tələb yerinə yetirilmədikdə isə həmin hava gəmilərinə qarşı digər vasitələrdən, o cümlədən fiziki (güc) metodlardan istifadə mümkündür.Biz Ermənistanı bu tip provokativ addımların atılmasından geri çəkilməyə çağırırıq. Bu tip addımlar danışıqlar prosesini uzadır və təkcə iki ölkə arasında deyil, eyni zamanda bütün bölgədə ictimai-siyasi sabitliyin pozulmasına səbəb olur. Beynəlxalq hüquq normalarına məhəl qoymaraq, Ermənistan tərəfi bu addımı atsa, Azərbaycan tərəfi öz qətiyyətli mövqeyinin üzərində dayanacaq və öz beynəlxalq hüququndan istifadə edərək, dünya birliyi tərəfindən qəbul olunmuş sərhədlərinin pozulmasına imkan verməyəcəkdir”.